Azərbaycanda daşınmaz əmlak bazarında şəffaflığın təmin edilməsi və nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə həyata keçirilən “ƏDV geri al” layihəsi uğurlu nəticələr verməkdə davam edir. 




Sfera.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən yayılan məlumata görə, cari ilin ilk rübü ərzində vətəndaşlara qaytarılan vəsaitlərin həcmində ciddi artım müşahidə olunub.




Məlumata əsasən, 2026-cı ilin yanvar-mart ayları ərzində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi çərçivəsində vətəndaşlara ümumilikdə 8 milyon 428,1 min manat vəsait geri ödənilib. Ödənişlər müvəkkil banklar vasitəsilə birbaşa istehlakçıların hesablarına köçürülüb.




Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınan əmlaklara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması nəzərdə tutulur. Bu proses həm mənzil sahibi olmaq istəyən şəxslər üçün maliyyə yükünü azaldır, həm də tikinti sektorunda dövriyyənin tam rəsmiləşdirilməsinə xidmət edir.




Dövlət Vergi Xidməti bildirir ki, layihənin icrası daşınmaz əmlak sektorunda rəqabət mühitinin sağlamlaşdırılması və istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.