İran hesab edir ki, Bab əl-Məndəb boğazının bağlanması ehtimalı və İsfahan yaxınlığında vurulan F-15 təyyarəsinin pilotunun xilasetmə əməliyyatının uğursuzluğu ABŞ-ni Tehranla dialoqa məcbur edən əsas amillərdəndir.
Bəs Bab əl-Məndəb boğazının Hörmüz boğazı kimi bağlanması ehtimalı varmı?
Məlumat üçün bildirək ki, bu boğaz Yəmənin sahilində yerləşir. Hazırda Yəməndə hakim qüvvə hüsilərdir və onlar da İrana yaxın olan qüvvələrdir.
Politoloq Oqtay Qasımov mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-İran savaşında proseslər yalnız döyüş meydanında deyil, eyni zamanda informasiya və təbliğat cəbhəsində də davam edir:
“İran rəsmisinin ABŞ-nin danışıqlara qoşulma səbəbləri ilə bağlı səsləndirdiyi fikirlər daha çox onun subyektiv yanaşmasıdır və düşünmürəm ki, Amerikanı danışıqlara vadar edən yalnız bu amillərdir. Hörmüz boğazının bağlanması, eləcə də Bab əl-Məndəb boğazı ilə bağlı risklərin artması ABŞ-ni ciddi şəkildə düşünməyə vadar edir və onun planlarının müəyyən qədər pozulmasına səbəb ola bilir. Amma nəzərə alsaq ki, Trampın da dediyi kimi, həm Hörmüz, həm də Bab əl-Məndəb boğazının bağlanması Amerika iqtisadiyyatından daha çox Avropa və Asiya iqtisadiyyatlarına ciddi zərər vura bilər. Burada sadəcə Amerikanın iqtisadi maraqları deyil, eyni zamanda geosiyasi və geostrateji maraqları da var. Bundan əlavə, bölgədə yerləşən müttəfiqləri və onların qarşısında daşıdığı təhlükəsizlik öhdəlikləri ABŞ-ni prosesdə daha rasional davranmağa vadar edir”.
O.Qasımov əlavə edib ki, danışıqların aparılması ilə bağlı bir çox səbəblər mövcuddur. Onun sözlərinə görə, bu səbəblər sırasında prosesin uzanması, beynəlxalq səviyyədə bu məsələyə fərqli münasibətlərin formalaşması, NATO müttəfiqləri və ənənəvi tərəfdaşlar tərəfindən Amerikanın bu əməliyyatına açıq dəstəyin verilməməsi, eləcə də ABŞ daxilində Tramp administrasiyasına qarşı ciddi təzyiqlərin artması da yer alır:
“Bütün bunlar Vaşinqtonu danışıqlara getməyə sövq edən əsas amillərdən hesab oluna bilər. Amma bütün hallarda İran tərəfi nə qədər inamlı danışmağa çalışsa da, reallıq ondan ibarətdir ki, İran da kifayət qədər ciddi zərbələr alıb. Bu baxımdan, danışıqlar təkcə Amerikanın istəyi ilə gündəmə gəlmir, eyni zamanda İran tərəfi də bu danışıqların baş tutmasında, əslində, maraqlıdır. Sadəcə, İranla yanaşı, bu prosesdə Çin faktorunu da mütləq nəzərə almalıyıq. Çünki Çin, eləcə də Rusiya maraqlıdır ki, danışıqlar prosesi dərhal baş tutmasın və ABŞ Yaxın Şərq bataqlığında daha uzun müddət ilişib qalsın. Vaşinqtonda da bunu kifayət qədər aydın görürlər. Məhz buna görə də ABŞ mümkün qədər bu savaşı tez bitirmək, danışıqlar masasına keçmək və müəyyən şərtləri İrana qəbul etdirməyə çalışır”.
Fidan Hacızadə
Sfera.az