İran elektrik stansiyalarının dağıdılması ehtimalından narahatdır. İddialara görə, rejim bu cür hücumların baş verməsi halında əhali arasında narazılığın artacağından ehtiyat edir. Məhz bu səbəbdən, elektrik infrastrukturunun hədəfə alınmaması üçün ABŞ ilə danışıqlar aparıldığı bildirilir.




Elektrik stansiyaları partladılarsa bu, İranda rejimi zəiflədə və xalq etirazlarına səbəb ola bilərmi?




Siyasi ekspert Çingiz Şahbazi Sfera.az-a açıqlamasında ABŞ Prezidenti Donald Trampın İranda elektrik stansiyalarını vuracağı ilə bağlı təhdidlərin İran rejimini narahat etdiyini deyib. 




Onun sözlərinə görə, bununla bağlı tərəflər arasında müəyyən danışıqlar aparılır: 




“Şübhəsiz ki, elektrik enerjisinin uzun müddət verilməməsi əhali arasında ciddi narahatlıq və narazılıq yarada bilər. Lakin bu vəziyyətin səbəbləri müharibə ilə bağlıdırsa və xüsusilə xarici müdaxilə nəticəsində baş verirsə, bu, İran kimi ölkələrdə avtomatik olaraq xalqın ayağa qalxmasına gətirib çıxarmaya bilər. Əksinə, rejim bu vəziyyətdən öz xeyrinə istifadə etmək imkanları əldə edə bilər. Elektrik infrastrukturunun hədəfə alınması ölkə üçün çox ciddi fəsadlar doğura bilər. Əslində, belə addımlar beynəlxalq hüquq normalarına zidd hesab olunur. Çünki böyük şəhərlərdə uzunmüddətli elektrik kəsintisi su təchizatı, internet, xəstəxanalar, sənaye və digər həyati sahələrə ağır zərbə vurur və insanların gündəlik həyatında ciddi çətinliklər yaradır. Bu isə iqtisadi fəaliyyətin demək olar ki, iflic olmasına səbəb ola bilər”.


 





Siyasi şərhçi vurğulayıb ki, bu cür vəziyyətlər əhalinin gündəlik həyatına birbaşa təsir etdiyi üçün sosial narazılıqları kəskin şəkildə artıra bilər: 




“Lakin bu, avtomatik olaraq genişmiqyaslı etiraz aksiyalarının başlanması demək deyil. Çünki rejim hələ də vəziyyəti öz xeyrinə yönləndirmək imkanlarını qoruyur. Məlum olduğu kimi, milyonlarla insan könüllü şəkildə müharibəyə qatılmaq üçün qeydiyyatdan keçib və bu kütlə potensial olaraq rejimin dayağı hesab olunur. Bu insanları rejimə qarşı yönləndirmək asan deyil. İran milli təhlükəsizlik məsələlərinə həssas yanaşan ölkələrdən biridir və rejim mövcud vəziyyəti “milli müqavimət” narrativinə çevirərək, etirazlar əvəzinə cəmiyyətin öz ətrafında birləşməsinə nail ola bilər. Eyni zamanda, uzun illərdir sanksiyalar altında yaşayan əhali müəyyən çətinliklərə adaptasiya olub. Bu səbəbdən elektrik enerjisinin olmaması qısa müddətdə dözümlə qarşılanması mümkündür. Lakin uzunmüddətli perspektivdə bu vəziyyət sosial narazılığı təhlükəli həddə çatdıra bilər. Digər tərəfdən, ABŞ-nin belə bir addımı beynəlxalq ictimaiyyət tərəfindən də birmənalı qarşılanmayacaq və bu, Tramp administrasiyasına qarşı ciddi tənqidlərin artmasına səbəb ola bilər. Nəticədə, İran üçün humanitar böhran və sosial xaos riski yarana bilər. Bu baxımdan elektrik infrastrukturu ölkədə sosial sabitliyin əsas sütunlarından biri hesab olunur. Onun sıradan çıxması nəzarət mexanizmlərini də zəiflədə və uzunmüddətli perspektivdə İran rejimi üçün ciddi risklər yarada bilər”.


 


Fidan Hacızadə

Sfera.az