ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti dəfə sərt və qalmaqallı açıqlama verib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-İsrail və İran arasında gərginliyin davam etdiyi bir vaxtda Trampın İranı hədəf alan son paylaşımı beynəlxalq gündəmdə geniş rezonans doğurub.
Hərbi və siyasi müstəvidə münaqişənin daha da dərinləşdiyi bir dönəmdə, İranın raket cavabları və Hörmüz boğazının bağlanması ehtimalı Vaşinqtonun ritorikasını daha da sərtləşdirib. Donald Tramp "Truth Social" platformasında paylaşdığı son mesajında İranı açıq şəkildə hədələyib.
Tramp paylaşımında bildirib:
"Bu gecə bütün bir sivilizasiya məhv olacaq və bir daha geri qayıtmayacaq. Bunun baş verməsini istəmirəm, amma yəqin ki, baş verəcək”.
ABŞ prezidentinin bu sözləri regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb. Xüsusilə İranla bağlı mümkün hərbi eskalasiya ehtimalları yenidən gündəmə gəlib.
Tramp eyni paylaşımında İran daxilində mümkün rejim dəyişikliyinə də eyham vuraraq belə deyib:
“Lakin indi fərqli, daha ağıllı və daha az radikal düşüncələrin hakim olduğu tam və hərtərəfli rejim dəyişikliyi baş verərsə, bəlkə də inqilabi və gözəl bir şey yaşana bilər. Kim bilir?”
Bu ifadələr Trampın İran daxilində siyasi dəyişikliklərin mümkünlüyünə açıq işarə kimi qiymətləndirilir.
ABŞ Prezidenti İran hakimiyyətini də sərt tənqid edib. O bildirib ki:
“Bu gecə dünyanın uzun və mürəkkəb tarixində ən vacib anlardan birinin şahidi olacağıq. 47 illik oğurluq, korrupsiya və ölüm nəhayət sona çatacaq”.
Trampın bu açıqlamaları Yaxın Şərqdə onsuz da kritik həddə çatan gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Fidan Hacızadə
Sfera.az