Yaxın Şərqdə gərginliyin artması və BƏƏ-də təhlükəsizlik məsələləri varlıların səyahət prioritetlərini dəyişdirib. Əvvəllər milyarderlərin ilk ünvanı olan Dubay indi ikinci plana keçib və diqqət İtaliyanın maliyyə və lüks mərkəzi Milan üzərinə yönəlib.


 


Sfera.az xəbər verir ki, xüsusilə Böyük Britaniyada vergi üstünlüklərindən yararlanan supervarlılar, İtaliyanın təqdim etdiyi maliyyə imkanları və yüksək həyat standartları səbəbindən şəhərə üz tuturlar.


 


Knight Frankın araşdırmasına görə, Milanda daşınmaz əmlak qiymətləri son beş ildə 38 faiz artıb və bu, şəhərin supervarlılar üçün cazibəsini daha da artırıb. 2025-ci ilin məlumatına görə, Milanda kvadratmetr üzrə orta qiymət 5 171 avroya (təxminən 9 566 manat) çatıb və şəhər bu göstərici ilə İtaliyanın ən bahalı şəhəri adını Venesiyadan alıb. Bu artım şəhərin daşınmaz əmlak bazasının sürətlə inkişaf etdiyini və yüksək gəlirli investorlar üçün daha cəlbedici hala gəldiyini göstərir. Milanın məşhur lüks alış-veriş küçəsi "Via Monte Napoleone" ötən il "Fifth Avenue" küçəsini də geridə qoyaraq dünyanın ən bahalı alış-veriş küçəsi olub.


 


Şəhərin lüks həyat tərzi və moda mərkəzi kimi nüfuzunu daha da gücləndirən bu məkan supervarlıların diqqətini cəlb edir. Milanın cazibəsi yalnız vergilərlə məhdudlaşmır. Şəhərdə beynəlxalq məktəblər, inkişaf etmiş hava limanı şəbəkəsi, dünya səviyyəli incəsənət qalereyaları və moda həftələri fəaliyyət göstərir. Bundan əlavə, sənət əsərlərinə ƏDV-nin 22%-dən 5%-ə endirilməsi varlı kolleksiyaçıları şəhərə cəlb edir və Milanı həm maliyyə, həm də mədəniyyət mərkəzi kimi ön plana çıxarır. Mütəxəssislər bildirirlər ki, təhlükəsizlik və geosiyasi problemlər Dubaydan köçü sürətləndirə bilər lakin BƏƏ hələ də müəyyən qruplar üçün cəlbedici qalır. Məsləhətçi Armand Artonun sözlərinə görə, Dubay təklif etdiyi imkanlar və həyat tərzi ilə hələ də bəzi milyarderlər üçün əvəzolunmazdır.


 


Hazırda Avropanın mərkəzində yerləşən Milan “sabitlik və lüks” axtaran supervarlılar üçün yeni sığınacaq rolunu daşıyır. Şəhərin daşınmaz əmlak bazası və lüks həyat standartları onu Dubay ilə ciddi rəqabətə çıxarıb və gələcəkdə varlıların miqrasiyasının istiqamətini müəyyən edəcək əsas məkan kimi seçilir.


 


Mənsumə


Sfera.az