Özbəkistan yeraltı resurslar baxımından nəhəng potensiala malik olduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Şavkat Mirziyoyev məlumat verib. Onun sözlərinə görə, respublika ərazisində kəşf edilmiş 2500-dən çox mədən yatağının ümumi dəyəri təxminən 3 trilyon dollar qiymətləndirilir. Hökumət rəsmiləri bildirib ki, şəffaflığın təmin edilməsi məqsədilə 1458 mədən sahəsi onlayn hərraclar vasitəsilə satışa çıxarılıb. Bu proses nəticəsində dövlət büdcəsinə 1 trilyon som (təxminən 79 milyon dollar) vəsait daxil olub. İqtisadiyyatın bu sektoru həm də sosial əhəmiyyət kəsb edərək, təxminən 100 min nəfərin işlə təmin olunmasına şərait yaradıb. Qeyd olunub ki, son on il ərzində sahəyə 650 milyon dollar investisiya yatırılıb və kəşfiyyat avadanlıqlarının 70%-i tam modernləşdirilib.
Qeyd edək ki, Özbəkistan mədənçilik sektorunda ciddi texnoloji yeniliklərə imza atıb. Aerogeofiziki tədqiqatlarda artıq pilotsuz uçuş aparatları (PUA) və helikopterlərdən geniş istifadə olunur. Yeni tətbiq edilən 3D sismik sistemlər isə yerin 9 kilometr dərinliyinə qədər qatları analiz etməyə imkan verir. Bu texnoloji imkanlar sayəsində son illərdə 1900-dən çox yeni yataq kəşf edilib, uran ehtiyatları 97 min tondan 140 min tona çatdırılıb, Almalıkda inşa edilən yeni mis emalı zavodu ildə 60 milyon ton filiz emal etmək gücü ilə 6 mindən çox insanı işlə təmin edib.
Ölkənin qəbul etdiyi inkişaf strategiyasına əsasən, yaxın illərdə mədən hasilatında rekord göstəricilər hədəflənir. Planda qızıl istehsalının 1,5 dəfə, gümüşün 3 dəfə, mis hasilatının isə 3,5 dəfə artırılması nəzərdə tutulur. Eyni zamanda uran, dəmir və kömür çıxarılmasında da mühüm artım tempinin qorunması prioritet istiqamət kimi müəyyən edilib.
Firuzə Əliyeva
Sfera.az