Yaxın Şərqdə artan gərginlik beynəlxalq enerji təhlükəsizliyi və regional sabitlik üçün ciddi narahatlıq yaradır. Hörmüz boğazı kimi strateji əhəmiyyətli su yollarında baş verən hər hansı maneə qlobal neft və ticarət axınına birbaşa təsir göstərir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar gəmilərin Hörmüz boğazından keçməsini asanlaşdırmağı gözləyir. O, “Truth Social”da yazıb: “ABŞ Hörmüz boğazındakı tıxacla bağlı yardım göstərəcək”.
Bəs görəsən, sözgedən yardım nədən ibarət ola bilər? Bu addım regiondakı gərginliyi azaldacaq, yoxsa əksinə, yeni risklər yaradacaq?
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, ABŞ-nin “yardım” ifadəsi böyük ehtimalla hərbi-dəniz təhlükəsizliyinin gücləndirilməsi, gəmi karvanlarının müşayiəti, mina təmizləmə əməliyyatları və real vaxt kəşfiyyat məlumatlarının paylaşılması kimi addımları nəzərdə tutur:
“Bu, praktik olaraq Hörmüzdən keçən ticarət və enerji daşımalarının fasiləsizliyini təmin etməyə yönəlmiş təhlükəsizlik çətiri deməkdir. Eyni zamanda ABŞ müttəfiqlərlə koordinasiyanı artıraraq beynəlxalq gəmiçiliyin qorunmasına çalışa bilər. Bu cür addımlar qısa müddətdə riskləri azaltmaq və bazarlarda panikanın qarşısını almaq baxımından effektiv görünür”.
Politoloq əlavə edib ki, bu “yardım”ın digər tərəfi də var:
“ABŞ hərbi varlığının artması İran tərəfindən təzyiq və ya təxribat kimi qəbul edilə bilər və bu, qarşılıqlı gərginliyi yenidən yüksəldə bilər. Xüsusilə İranın Hörmüz üzərində nəzarət iddiaları fonunda hər hansı xarici müdaxilə həssas qarşılanır. Nəticədə bu addım bir tərəfdən təhlükəsizliyi artırsa da, digər tərəfdən səhv hesablama və ya lokal insident riskini də yüksəldə bilər. Yəni bu, eyni anda həm sabitləşdirici, həm də potensial olaraq eskalasiyanı tətikləyən bir addımdır”.
Niyaz Hacıyev
Sfera.az