NASA ciddi sınaqlardan sonra astronavtların Artemis II missiyası çərçivəsində  “iPhone 17 Pro Max”  modelini kosmosa aparmasına icazə verib. 




Sfera.az xəbər verir ki, agentlik ilk dəfə olaraq Ay ətrafında həyata keçiriləcək bu missiyada heyət üzvləri üçün “iPhone” istifadəsini təsdiqləyib.


 


Qərar kosmosa göndərilən avadanlıqlar üçün tətbiq olunan son dərəcə sərt təhlükəsizlik yoxlamalarının dörd mərhələsindən uğurla keçdikdən sonra verilib.




Yoxlamalar zamanı xüsusilə şüşə kimi kövrək materialların sıfır cazibə şəraitində yarada biləcəyi risklər araşdırılıb. Uçan şüşə qırıntılarının astronavtlara və ya həssas avadanlıqlara zərər vurmasının qarşısını almaq üçün bütün ehtimallar detallı şəkildə qiymətləndirilib.




“Apple” şirkəti cihazlarının yüksək davamlılıq testlərindən keçdiyini bildirsə də NASA-nın bu xüsusi sertifikatlaşdırma prosesində birbaşa iştirak etməyib.




Kosmosa aparılacaq “iPhone”lar missiyanın əsas funksiyalarına xidmət etməyəcək. Onlar yalnız astronavtların şəxsi xatirələrini sənədləşdirməsi üçün istifadə olunacaq. Təhlükəsizlik qaydalarına əsasən cihazların kosmosda internetə və ya Bluetooth şəbəkələrinə qoşulmasına icazə verilməyəcək.




Qeyd edək ki, daha əvvəl də bəzi “iPhone” modelləri 2011-ci ildə kosmik gəmi uçuşlarında və 2021-ci ildə “Inspiration4” missiyası zamanı kosmosa göndərilib. Lakin bu qərar “iPhone”-un uzunmüddətli kosmik missiya üçün ilk rəsmi təsdiqi hesab olunur.


 


Mənsumə

Sfera.az