Paytaxtda fəaliyyət göstərən Nərimanov Tibb Mərkəzində əməkhaqqı, bonus ödənişlərinin ödənilməməsi və son yoxlamalardan sonra “artıq ödəniş”lərin geri qaytarılması tələbi ilə bağlı iddialar var.
Belə ki, bu barədə mərkəzdən Sfera.az-a şikayət daxil olub. Müraciətdə bildirilir ki, uzun müddətdir İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən tətbiq olunan idarəetmə yanaşmaları həkimlərin iş şəraitini çətinləşdirir.
Həkimin sözlərinə görə, xüsusilə hər xəstə qəbuluna görə nəzərdə tutulan 1 manat 20 qəpik bonus ödənişlərinin tam və şəffaf şəkildə verilməməsi narazılıq doğurur. Bildirilir ki, gündəlik qəbul limiti 20-25 nəfər olsa da, faktiki olaraq həkimlər 35-40 xəstə qəbul edirlər, lakin ay sonunda əməkhaqlarında bu əlavə əməyin qarşılığını görə bilmirlər.
İddia olunur ki, bonuslar kəsilir və bunun səbəbi izah edilmir. Müraciətdə həmçinin qeyd olunur ki, son struktur dəyişikliklərindən sonra tibb mərkəzində yoxlama aparılıb. Yoxlamanın nəticəsi olaraq həkimlərə son iki il ərzində guya artıq əməkhaqqı ödənildiyi bildirilib və həmin məbləğin “könüllü” şəkildə (iddialara görə məcburi formada) mərhələli qaydada geri qaytarılması tələb olunur. Həkimlər isə bu yanaşmanı ədalətsiz və əsassız hesab edir.
Şikayətçilər bildirirlər ki, belə vəziyyət həm maddi, həm də mənəvi baxımdan onları çətin duruma salır və iş yerlərini itirmək qorxusu səbəbindən açıq şəkildə etiraz edə bilmirlər. Onlar məsələnin obyektiv və şəffaf şəkildə araşdırılmasını, həmçinin əməkhaqlarına əsassız müdaxilələrin qarşısının alınmasını tələb edirlər.
Qeyd edək ki, müraciət edən şəxslər təhlükəsizliklərini nəzərə alaraq anonim qalmaq istədiklərini bildiriblər.
Sfera.az olaraq həm Nərimanov Tibbi Mərkəzinə, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, həm də TƏBİB-ə rəsmi sorğu göndərsək də, qurumlar tərəfindən sorğumuza hər hansı cavab verilməyib. Aidiyyəti qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaqda davam edir. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bir daha bəyan edirik.
Firuzə Əliyeva
Sfera.az