İran və Amerika Birləşmiş Ştatları arasında gərginliyin azaldılması istiqamətində vasitəçilərin iştirakı ilə aparılan müzakirələr yeni və həlledici mərhələyə qədəm qoyub. Tərəflər arasında aprelin 10-dan etibarən qüvvəyə minməsi nəzərdə tutulan 14 günlük müvəqqəti atəşkəs razılaşması əldə edilsə də, rəsmi Tehranın sülh prosesinin davam etdirilməsi üçün irəli sürdüyü 10 maddəlik tələblər siyahısı bir sıra suallar doğurub. İran tərəfinin hazırladığı bu şərtlər paketi regionun gələcək hərbi və iqtisadi mənzərəsini kökündən dəyişə biləcək bəndləri ehtiva edir.




Təqdim olunan sənəddə xüsusilə bir neçə məqam diplomatik dairələrdə təəccüblə qarşılanıb. Tehranın əsas tələbləri sırasında ABŞ hərbi qüvvələrinin regiondan tamamilə çıxarılması, 2014-cü ildən bu yana tətbiq edilən bütün iqtisadi sanksiyaların dərhal ləğv olunması və fevralın 28-də baş vermiş hadisələrlə bağlı ABŞ-nin İrana kompensasiya ödəməsi kimi kəskin şərtlər yer alır. Bu tələblər aprelin 10-dan sonra başlayacaq genişmiqyaslı danışıqların taleyini və atəşkəsin qalıcı sülhə çevrilib-çevrilməyəcəyini sual altına qoyub.




Bu tələblər ABŞ tərəfindən qəbul edilə bilərmi?




Sfera.az-a bu barədə açıqlama verən politoloq Cavanşir Abbaslının sözlərinə görə, atəşkəsin əldə olunması, əslində, müharibənin bitməsinin xəbərçisidir. Politoloq İran tərəfindən irəli sürülən maddələrdən ABŞ qüvvələrinin regiondan çıxarılmasına dair tələbdən başqa digərlərinin qəbul olunacağına inanmır:




“Təbii ki, Amerika qüvvələri regionda qala bilməz və çıxacaqlar. Amma kompensasiyanın verilməsi və sanksiyaların ləğvi ABŞ-nin öz məğlubiyyətini etiraf etməsi anlamına gələ bilər. Bu da Tramp hakimiyyətinin sonu olar, Amerikanın dünyadakı ‘supergüc’ mifi darmadağın edilər. Ona görə də hesab edirəm ki, Amerika kimi fövqəldövlət bunu etməyəcək”.


 





Politoloq İran tərəfindən irəli sürülən kompensasiya məsələsinə toxunaraq, tarixdə cəmi bir dəfə belə bir hadisənin baş verdiyini qeyd edib:




“İndiyə qədər İran tərəfindən bu tip şərtlər çox irəli sürülüb, amma onların qəbul olunma ehtimalı görünmür. Qeyd etdiyim kimi, kompensasiya ödənilməsi son bir əsrdə bircə dəfə yaşanıb: Almaniya tərəfindən yəhudilərin soyqırımına görə. Ondan sonra tarixdə, son əsrlərdə belə bir nümunə yoxdur ki, hansısa bir savaşa görə hansısa ölkə digərinə kompensasiya ödəsin. Çünki kompensasiyanın ödənilməsi o deməkdir ki, ABŞ fevralın 28-də etdiyi hücumun səhv olduğunu qəbul edir və dəyən zərəri qarşılayacaq. Bu, nə Amerika, nə də onun müttəfiqləri üçün xoş görünməz. Eləcə də 2014-cü ildən etibarən tətbiq edilən sanksiyaların ləğvi o mənaya gələr ki, ABŞ məğlubiyyəti qəbul edir və İranın diqtə etdiyi şərtlərlə razılaşır. Bunu isə, hər halda, özünə hörmət edən dövlət heç zaman etməz. Ona görə də hər şey aprelin 10-dan etibarən başlayacaq danışıqlardan asılı olacaq. İki həftədən sonra atəşkəs davam edəcəkmi, yoxsa pozulacaqmı — bunu görəcəyik. Mənim qənaətimə görə, böyük ehtimalla, iki həftəlik atəşkəsdən sonra müharibə dondurulmuş vəziyyətdə qalacaq”.


 


Bəsti Rəfizadə

Sfera.az