ABŞ ilə İran arasında davam edən gərginlik beynəlxalq təhlükəsizlik və diplomatik münasibətlər baxımından diqqətlə izlənilir. Mövcud vəziyyət fonunda beynəlxalq təşkilatların rolu yenidən gündəmə gəlir.


 


Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin informasiya rəhbəri Alessandra Velluccinin sözlərinə görə, BMT hələ ABŞ-İran münaqişəsinin həlli danışıqlarında vasitəçi deyil, lakin buna hazırdır.


 


Maraqlıdır, BMT münaqişənin həllində effektiv vasitəçi ola bilərmi? Bu təşəbbüs tərəflər arasında gərginliyin azalmasına töhfə verə bilər, yoxsa prosesin daha da mürəkkəbləşməsi riski var?


 


Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, BMT, İran-ABŞ danışıqlarında vasitəçi ola bilməz və bunun bir neçə səbəbi var:


 



 


“Birincisi BMT-nin nüfuzu yoxdur. BMT tərəflər tərəfindən ciddi qəbul edilmir. İkincisi isə bunun üçün danışıqlar institutu yoxdur. Hazırda danışıqlar Pakistanın iştirakı ilə çox normal şəkildə keçir. Dünən atəşkəs imzalanıbsa, burda Pakistanın rolu böyükdür. Başqa bir institutun bu məsələni həll etməsi ehtimalı azdır. Pakistan danışıqlara yüksək şəkildə davam edəcək. Eyni zamanda proses göstərir ki, Türkiyənin də ABŞ və İran danışıqlarında, iki dövlət arasında olan atəşkəsdə rolu böyükdür. Türkiyə Cümhuriyyətinin Yaxın Şərqdəki böyük müharibə ilə bağlı ortaya qoyduğu mövqe tam rasionaldır. Eyni zamanda bunun olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Hakan Fidan vasitəsilə ABŞ-İran-Pakistan arasında telefon danışıqlarını və Ankaranın qırmızı çizgilərinin nədən ibarət olduğunu görmüş oldu. Hər halda bu böyük müharibəni region dövlətləri özləri həll etmək iqtidarındadırlar”.


 


Politoloq qeyd edib ki, ilk öncə beynəlxalq təşkilatlar və beynəlxalq mexanizmlər düzgün işləməlidir:


 


“Qlobal məkanda isə yaxşı olardı ki, beynəlxalq təşkilatlar beynəlxalq hüququn aliliyi və beynəlxalq proseslərlə bağlı açar nüansları və işlək mexanizmləri ortaya qoysun. Görünən odur ki, beynəlxalq təşkilatlar işlək deyil. Bu böhran Azərbaycan-Ermənistan arasında olan münaqişədə də, Ermənistanın Azərbaycana olan torpaq iddialarında da, işğalçılıq siyasətində də, digər münaqişə və müharibələrdə də özünü göstərmiş oldu. Eyni zamanda ABŞ-İran arasında olan müharibə bunu bir daha sübut etmiş oldu”.


 


Niyaz Hacıyev


Sfera.az