ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşması İsraillə-Livan arasında gedən müharibəyə aidiyyatı yoxdur. Belə bir açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib. Baş nazir Benyamin Netanyahunun Trampın elan etdiyi atəşkəs qərarına dəstək verməsi, lakin öz siyasi maraqlarına uyğun addımlar atması İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşmasının İsraillə Livan arasındakı müharibəyə aidiyyatı yoxdur.
Baş nazir Benyamin Netanyahunun Trampın elan etdiyi atəşkəs qərarına dəstək verməsi, lakin öz siyasi maraqlarına uyğun addımlar atması beynəlxalq aləmdə maraq doğurub.
İsrailin İranla atəşkəsi dəstəkləyib Livanı ("Hizbullah"ı) bu prosesdən kənarda tutmaq istəməsinin əsas hərbi-strateji səbəbləri nələrdir? Livanın atəşkəsə daxil edilməməsi İsrailin şimal sərhədlərində genişmiqyaslı hərbi əməliyyat hazırlığının göstəricisi sayıla bilərmi?
Məsələ ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlama verib.
Onun sözlərinə görə, İsrailin atəşkəsin Livana şamil olunmasını istəməməsinin səbəbi bu müharibənin İranla olan savaşdan sonra başlamasıdır:
“İranla başlayan müharibə konkret məsələlər ətrafında aparılan müzakirələrdən sonra alovlanıb. Bura İranın nüvə proqramı, ballistik raket layihələri, insan hüquqları və Tehranın dəstəklədiyi proksi qüvvələrlə bağlı problemlər daxildir. Bu məsələlərdə razılıq əldə olunmadığı üçün müharibə başladı. Hazırda İsrail hesab edir ki, İranla atəşkəs imzalayıb yenidən bu mövzuların müzakirəsinə qayıtmaq olar. Lakin Livan zəif dövlətdir və ‘Hizbullah’ı, demək olar ki, idarə edə bilmir. ‘Hizbullah’ faktiki olaraq dövlət içində dövlət kimi fəaliyyət göstərir. İsrailin mövqeyi ondan ibarətdir ki, bu təşkilata qarşı hərbi əməliyyatlar davam etdirilməli və ölkənin əl-qolunu bağlayacaq hər hansı razılaşmaya yol verilməməlidir”.
Ekspert qeyd edib ki, İsrail İranı özünün strateji rəqibi olan dövlət kimi görür:
“Livan isə müstəqil şəkildə idarə olunmayan, ‘Hizbullah’ın fəaliyyət göstərdiyi ərazidir. İsrail öz sərhədlərində belə bir təhlükənin qalmasında maraqlı deyil, çünki ‘Hizbullah’ uzun müddətdir ciddi hərbi təhdid kimi qiymətləndirilir. Üstəlik, Livanın atəşkəs sazişinə daxil edilməsi İranın əsassız şərtlərinin qəbul edilməsi kimi başa düşülə bilər. Bu isə nəinki İsrail, həm də ABŞ üçün arzuolunmaz haldır”.
Bəsti Rəfizadə
Sfera.az