“The Times of Israel” qəzeti israilli rəsmi mənbəyə istinadla məlumat yayıb ki, ABŞ İranla keçiriləcək danışıqlarda Tehrandan bütün nüvə materiallarını ölkədən çıxarmağı tələb etməyi planlaşdırır. Bildirilir ki, ABŞ İranın nüvə materiallarını ölkədən çıxarması, uranın zənginləşdirilməsini dayandırması və ballistik raket proqramı ilə bağlı təhdidlərin aradan qaldırılması kimi tələblər irəli sürəcək.




İranın ABŞ-nin bu tələbi ilə razılaşması nə dərəcə real görünür? 




Sfera.az-a bu barədə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ-nin İranla keçiriləcək danışıqlarda bütün nüvə materiallarını ölkədən çıxarmağı tələb etməsi, uranın zənginləşdirilməsini dayandırmaq və ballistik raket proqramına məhdudiyyət qoymaq kimi addımlar atmaq niyyəti, müəyyən mənada ABŞ-nin strateji məqsədlərini açıq şəkildə ortaya qoyur: 




“Bu tələblər texniki və diplomatik baxımdan çox sərt və geniş spektrli hesab olunsa da, real olaraq həyata keçirilməsi baxımından ciddi suallar doğurur. Belə ki, bu tələblər müharibədən əvvəl də var idi və məlum olduğu kimi, İran tərəfi onlarla razılaşmadığı üçün hərbi əməliyyatlara start verildi. İndi İranın bu tələbləri qəbul etməsi halında ortaya “bu tələblərə razılıq veriləcəkdisə, onda müharibə nə üçün idi?” kimi suallar çıxacaq. Məsələ burasındadır ki, İran bu tələblərə özünün fundamental təhlükəsizlik və suverenlik məsələsi kimi baxır. Nüvə materiallarını tamamilə ölkədən çıxarmaq demək, Tehranın həm strateji nüvə potensialını, həm də regional təsir vasitələrini ciddi şəkildə məhdudlaşdırmaq deməkdir. Eyni zamanda, uranın zənginləşdirilməsinin dayandırılması və ballistik raket proqramının məhdudlaşdırılması İranın daxili siyasi və hərbi elitası üçün “qırmızı xətt” sayılır. Bu baxımdan, Tehran üçün bu tələblərə razılıq vermək çox çətin görünür, çünki bu, ölkənin regional güc balansında geri çəkilməsi ilə nəticələnə bilər və daxili ictimai rəy, eləcə də siyasi qüvvələr arasında ciddi narazılığa səbəb ola bilər”.


 




Politoloq qeyd edib ki, ABŞ perspektivindən baxdıqda isə bu tələb, Tehranın nüvə proqramının tam şəkildə dayandırılması və gələcəkdə hər hansı bir nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi güdür: 




“Bu, həm strateji təhlükəsizlik baxımından ABŞ-nin maraqlarına uyğun gəlir, həm də müttəfiqlərinə verdiyi təhlükəsizlik mesajını gücləndirir. Lakin real diplomatik dinamika göstərir ki, belə radikal addımlar əksər hallarda birbaşa qəbul olunmur və tərəflər arasında mərhələli, kompromis əsaslı yanaşmalar tətbiq olunur. Düşünürəm ki, İranın tam razılaşması real görünmür. Daha mümkün ssenari, uranın zənginləşdirilməsinin müəyyən səviyyədə məhdudlaşdırılması, nüvə materiallarının tam çıxarılması əvəzinə sərt monitorinq və regional nəzarət mexanizmlərinin tətbiqi ola bilər. Ballistik raket proqramı ilə bağlı tələblər də, ehtimal ki, yalnız müəyyən texniki məhdudiyyətlər və raket sınaqlarının monitorinqi formatında qəbul edilə bilər. Bu baxımdan, ABŞ-nin tələb etdiyi “bütün nüvə materiallarını çıxarmaq” və “proqramları dayandırmaq” reallıqda çox böyük bir kompromis tələb edir. İran üçün bu, həm daxili siyasətdə, həm də regional strateji oyunlarda ciddi itkidir”.




Fidan Hacızadə

Sfera.az