ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasının elan edilməsindən sonra dollar dünya valyutalarına nisbətdə ucuzlaşıb. Məlumata görə, dollar indeksi 0,67% geriləyərək 99 bəndə düşüb. Qeyd edək ki, müharibə başlayandan etibarən dolların bahalaşması müşahidə olunurdu. Belə ki, qısa müddət ərzində dollar indeksi 97 səviyyəsindən 100 həddinədək yüksəlmişdi.
Bəs dollar yenidən əvvəlki səviyyəyə enəcəkmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, dolların gələcəkdə əvvəlki səviyyəyə enib-enməyəcəyini dəqiq demək mümkün deyil, çünki valyuta məzənnələri çoxsaylı amillərdən təsirlənir:
“ABŞ və İran arasındakı atəşkəs xəbəri dolların zəifləməsinə səbəb oldu. Çünki geosiyasi risklər azaldıqda investorlar ‘təhlükəsiz liman’ kimi dollara daha az üz tutur. Lakin dolların uzunmüddətli davranışı həm ABŞ-nin iqtisadi göstəricilərindən (inflyasiya, faiz dərəcələri, iqtisadi artım), həm də digər valyutaların vəziyyətindən asılı olacaq”.
İqtisadçı əlavə edib ki, əgər müharibə və geosiyasi gərginlik tamamilə aradan qalxarsa və ABŞ iqtisadiyyatı sabit qalsa, dollar indeksi əvvəlki səviyyəyə qismən geri dönə bilər:
“Amma eyni zamanda, qlobal iqtisadi qeyri-müəyyənliklər, enerji qiymətləri və maliyyə bazarlarının dinamikası dolların davranışını dəyişə bilər. Buna görə də onun tam əvvəlki səviyyəyə qayıtmasına zəmanət verilmir. Qısamüddətli perspektivdə dolların əvvəlki yüksək səviyyələrinə qayıtması üçün yeni gərginliklər və ya ABŞ iqtisadiyyatında güclü göstəricilər lazım olacaq. Əks halda, indeksin indiki səviyyədə qalması və ya bir qədər də zəifləməsi ehtimalı daha yüksəkdir”.
Fidan Hacızadə
Sfera.az