Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı, tərəflərin hərbi ritorikasının ən sərt müstəviyə keçdiyi bir dönəmdə İran və ABŞ arasında 2 həftəlik müvəqqəti atəşkəs elan olunub. Bu qərar həm bölgədə, həm də beynəlxalq analitik mərkəzlərdə böyük təəccüb və suallarla qarşılanıb.




İllərdir sanksiyalar və proksi müharibələri vasitəsilə bir-birinə qarşı amansız mübarizə aparan bu iki gücün hansı şərtlər daxilində masaya oturduğu hələ də qaranlıq qalır.




Xüsusilə Vaşinqtonun son dövrlərdəki sərt kursunu nəzərə alsaq, Ağ Evin belə bir geri addım atması və ya fasiləyə razılıq verməsi ciddi siyasi manevr kimi dəyərləndirilir. 




Bəs maraqlıdır ki, ABŞ-ni bu atəşkəsə vadar edən nə oldu?




Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə əsasən, Yaxın Şərqdə ABŞ-nin başlatdığı savaş, faktiki olaraq son dövrlərdə Tramp administrasiyasını olduqca ağır bir vəziyyətə salmışdı:




“Bir tərəfdən Hörmüz boğazının bağlanması dünya enerji bazarlarında qiymətlərin yüksəlməsinə səbəb olub. Eyni zamanda enerji defisiti yaşanırdı ki, bu da digər əhəmiyyətli sahələr üzrə böhran yaradırdı. Bu səbəbdən xüsusilə Qərb ölkələri savaşı dayandırmaq üçün Tramp administrasiyasına təzyiqlər göstərirdilər. ABŞ-nin ölkədaxili prosesləri də birbaşa Tramp administrasiyasına qarşı yönəlmişdi. Bu savaşın ABŞ-nin maraqlarına uyğun olmadığı prinsipial şəkildə administrasiyanın diqqətinə çatdırılır və savaşın dərhal dayandırılması tələb olunurdu. Cəmi biraylıq savaş ABŞ büdcəsinə 50 milyard dollara yaxın vəsaitin itirilməsi ilə nəticələndi. Bütün bunlara paralel olaraq, ABŞ qarşıya qoyulmuş hərbi planı yerinə yetirə bilmədi. Son vaxtlar ABŞ-nin hərbi potensialı, yəni silah-sursat ehtiyatı tükənməyə başlayırdı və bunların bərpası üçün kifayət qədər ciddi zamana ehtiyac var idi. Çünki ABŞ ehtiyatda olan raket sistemlərinin çoxunu artıq istifadə etmişdi”.


 





Ekspertin sözlərinə görə, Ağ Ev artıq dərk edirdi ki, savaşın indiki istiqamətlər üzrə inkişafı ABŞ üçün ciddi problemlər yaradacaq və buna görə də, Tramp administrasiyası ən radikal bəyanatlarla savaşı dayandırmağa cəhd göstərirdi:




“Əslində, Prezident Donald Tramp son açıqlamaları ilə hərbi-siyasi blef edirdi. O, bir sivilizasiyanı məhv edəcəyini və həmin sivilizasiyanın bir daha bərpa olunmayacağını iddia edirdi. Bu, dolayısı ilə İrana nüvə zərbəsinin endiriləcəyinə dair bir eyham xarakteri daşıyırdı. Halbuki, ABŞ daxilində Trampa belə bir imkan verilməzdi və çox güman ki, o özü də buna cəsarət etməzdi. Çünki nüvə silahı, hətta taktiki nüvə silahı belə, asanlıqla hər hansı bir ölkəyə qarşı istifadə olunacaq silah növü deyil. Nəticədə, nüvə faktorunu və ya buna bənzər dağıdıcı zərbə variantını gündəmə gətirməklə İranın hakim dairələrinə təzyiq göstərməyə çalışdılar. Pakistanın da vasitəçiliyi ilə iki tərəf arasında atəşkəs elan olundu. Bu atəşkəs yalnız İrana deyil, həm də ABŞ-yə, xüsusilə də buna məcbur olan Tramp administrasiyasına lazım idi. Lakin ən əsas məsələ odur ki, öz hakimiyyətini qorumaq üçün əldə olunan bu atəşkəs, əslində ABŞ-nin qlobal hegemonluq mövqelərini ciddi şəkildə sarsıtdı. Son məlumatlara görə, atəşkəs şərtləri faktiki olaraq İranın maraqlarına cavab verir. ABŞ sanki İranın şərtlərini qəbul etmiş bir duruma düşüb və hazırda savaşın məğlub tərəfi kimi görünür. Bu baxımdan ABŞ-nin beynəlxalq nüfuzu və mövqeləri sarsılmaqda davam edir. Tramp administrasiyasının həm daxili, həm də xarici siyasəti Amerika cəmiyyətində ciddi etiraz doğurub. Artıq Donald Trampın impiçmenti mövzusu siyasi dairələrdə ciddi müzakirə olunur. Bu da onun səlahiyyət müddəti bitmədən istefaya göndərilmə ehtimalını gündəmə gətirir. Belə davam edərsə, ABŞ artıq dünyanın super dövləti statusunu itirərək Çinə uduzmağa başlayacaq ki, bu da ABŞ-nin çöküşünə gətirib çıxara biləcək bir prosesdir”.




Bəsti Rəfizadə

Sfera.az