Dövlət İmtahan Mərkəzi (DİM) Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinə qəbul olmaq istəyən namizədlərin imtahan cavablarını açıqlayıb.
Sfera.az DİM-in rəsmi məlumatına istinadən imtahan nəticələri və növbəti mərhələlərlə bağlı mühüm detalları təqdim edir:
Nəticələri necə öyrənmək olar?
İmtahan iştirakçıları öz nəticələri və cavab kartlarının qrafik təsviri ilə DİM-in rəsmi internet saytı vasitəsilə tanış ola bilərlər. Alternativ olaraq, nəticələri mobil telefon vasitəsilə öyrənmək mümkündür: bunun üçün "iş nömrəsi"ni bütün mobil operatorlardan 7727 qısa nömrəsinə göndərmək kifayətdir.
Məlumata əsasən, İmtahanda iştirakı nəzərdə tutulan 1293 nəfərdən 31 nəfəri sınağa qatılmayıb. Qeyd edək ki, nəticələr artıq Dövlət Sərhəd Xidmətinə təqdim olunacaq. Yüksək bal toplamış namizədləri qarşıda DSX tərəfindən təşkil edilən tibbi və digər yoxlamalar gözləyir. Bütün mərhələlərdən keçən ən savadlı və hazırlıqlı şagirdlər Xüsusi məktəbin sıralarına qəbul ediləcəklər.
Nəticələrdən narazı qalan iştirakçılar üçün DİM tərəfindən 13 aprel 2026-cı il tarixindən etibarən telefon vasitəsilə apellyasiya prosesi təşkil olunacaq.
Müraciət etmək istəyənlərin nəzərinə:
Qeydiyyat müddəti 9 aprel saat 10:00-dan 10 aprel saat 17:00-dək olacaq. DİM-in saytındakı elektron ərizəni doldurmaqla qeydiyyatı həyata keçirə bilərlər. Müddəti ötürənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bildirilib ki, cavab vərəqində təlimata zidd hərəkətlər (məsələn, bir sualda iki dairənin qaralanması, optik oxuyucunun səhv saymasına səbəb olan düzəlişlər) ilə bağlı müraciətlərə baxılmayacaq. Hər bir şagirdin müraciəti üzrə maksimum 15 dəqiqə müzakirə aparılacaq və etik qaydaların pozulması halında proses dərhal dayandırılacaq.
Bəsti Rəfizadə
Sfera.az