Bollivudun əfsanəvi ulduzu Şahrux Xanın həyatı təkcə filmləri ilə deyil, həm də nümunəvi ailə həyatı ilə hər zaman diqqət mərkəzindədir. İnduist bir xanımla ailə quran və onilliklərdir xoşbəxtliyini qoruyan aktyorun sevgi hekayəsi heç də ekranlardakı dramlardan geri qalmır.




Sfera.az dünya ulduzunun maraqlı tanışlıq və mübarizə dolu həyat hekayəsini araşdırıb.




15 yaşlı induist Qauri və müsəlman Şahrux...




Hər şey illər əvvəl, ortaq dostların birinin təşkil etdiyi şənlikdə başlayıb. Həmin vaxt cəmi 19 yaşı olan Şahrux Xan ilk baxışdan 15 yaşlı Qauriyə aşiq olub. Müvəffəqiyyətli aktyor müsahibələrində etiraf edib ki, Qauri onun həyatında ilk və yeganə sevgilisidir. Həmin şənlikdə böyük həyəcanla, utana-utana Qaurini rəqsə dəvət edən gənc Xanın bu addımı, əslində, böyük bir ailənin təməli olub.




Cütlük tam 8 il görüşsə də, evliliyə gedən yol asan olmayıb. Qaurinin induist ailəsi qızlarının müsəlman bir gənclə ailə qurmasına qətiyyətlə qarşı çıxıb. Lakin Şahrux Xanın inadı və sevgisi bütün sədləri aşmağı bacarıb. Qaurinin ailəsi, xüsusən də atası qızını müsəlman bir gənclə evləndirməyi ağlına belə gətirmirdi. Hətta vəziyyət o yerə çatmışdı ki, ailə Qaurini öz dinlərindən olan başqa bir namizədlə evləndirməyə hazırlaşırdı. Bu xəbəri eşidən Şahrux Xan geri çəkilmək əvəzinə, cəsarətli bir addım atır. O, gecə yarısı gizlicə Qaurinin yaşadığı evin pəncərəsindən onun otağına daxil olur.




“Mən artıq evliyəm" - Ataya şok etiraf




Səhər açıldıqda ailə gözləmədiyi bir mənzərə ilə qarşılaşır. Qauri atasının qarşısına çıxaraq qəti şəkildə bildirir ki, o, artıq seçimini edib və Şahruxla mənəvi olaraq evlidir. Bu gözlənilməz etiraf ailədə əsl şok effekti yaradıb. Əvvəlcə qəzəblənən ata, Şahrux Xanla yaxından tanış olduqdan və onun qızına olan səmimi sevgisini, dürüst xarakterini gördükdən sonra yumşalır. Gənc aktyorun xarizması və sözünə bütövlüyü ailənin mənfi fikirlərini tamamilə dəyişib. Beləliklə, illərlə davam edən müqavimət qırılır və ailə bu evliliyə "hə" deyir. 




Şahrux Xan hər zaman fərqli inanclara olan tolerantlığı ilə seçilib. O, həyat yoldaşının dininə böyük hörmətlə yanaşdığını gizlətmir. Aktyorun sözlərinə görə, onların evində müqəddəs Quran və induistlərin tanrı heykəli ilə yanaşı qoyulub. Bu, ailədəki qarşılıqlı hörmətin və sülhün ən bariz nümunəsidir.




Ulduz cütlük övladlarına din seçimində tam sərbəstlik verib. Artıq yetkinlik yaşına çatan böyük oğlu Aryan və qızı Suhana İslam dinini seçiblər. Atalıq vəzifəsini layiqincə yerinə yetirən Şahrux Xan bir arzusunu da dilə gətirib:




"Qızım Suhana özünü hazır hiss etdiyi zaman onunla birlikdə Həcc ziyarətinə getmək ən böyük arzularımdan biridir".




Xatırladaq ki, Şahrux Xan və Qauri cütlüyü hazırda Bollivudun ən möhkəm və sarsılmaz ailələrindən biri hesab olunur.




Bəsti Rəfizadə

Sfera.az