Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) kadr dəyişiklikləri baş tutub.
Sfera.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmri ilə Fəttah Fəttayev və Turanə Məcidli BŞTİ-də müdir müavini vəzifəsinə təyin olunublar.
Məlumat üçün bildirək ki, Fəttah Fəttayev 1997-2019-cu illər ərzində Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksində pedaqoji fəaliyyətlə məşğul olub. Daha sonra, 2019-2026-cı illərdə paytaxtdakı 161 və 214 nömrəli tam orta məktəblərdə direktor kimi çalışıb. O, 2012-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi seçilib, 2016-cı ildə Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub, 2023-cü ildə isə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Bununla yanaşı, 10-dan çox elmi məqalənin və 8 kitabın, o cümlədən 6 dərs vəsaitinin müəllifidir.
Turanə Məcidli isə pedaqoji fəaliyyətə 2015-ci ildən başlayıb. O, Bakı şəhəri 329 nömrəli tam orta məktəbdə və Bakı Modern Təhsil Kompleksində kimya müəllimi kimi işləyib. 2022-ci ildə 106 nömrəli tam orta məktəbdə direktor müavini vəzifəsinə təyin olunub, 2023-2025-ci illərdə isə 2 nömrəli Texniki-humanitar liseyə rəhbərlik edib. 2024-cü ildən etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunda “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə doktorantura təhsili alır. 2025-ci ildən isə BŞTİ-də Ümumi təhsilin təşkili sektorunun müdiri kimi fəaliyyət göstərib.
Firuzə Əliyeva
Sfera.az