Dünyada milyonlarla istifadəçisi olan “TikTok” platformasında gənclərin təhlükəsizliyi valideynlər üçün əsas narahatlıq mövzularından biri olaraq qalır. Trendlər, viral çağırışlar və kiberhücum riskləri valideynləri övladlarının sosial media fəaliyyətlərini izləməyə sövq etsə də mütəxəssislər bu yanaşmanın əks təsir yarada biləcəyini bildirir.
Sfera.az xəbər verir ki, araşdırmalara görə, uşaqların hesablarını gizli şəkildə izləyən və ya onların hər paylaşımına müdaxilə edən valideynlər fərqində olmadan aralarındakı etibar bağını zəiflədir.
Daim nəzarət altında olduğunu hiss edən yeniyetmələr isə daha çox gizli və alternativ hesablar yaratmağa üstünlük verirlər. Bu isə valideynlərin övladlarını rəqəmsal risklərdən qorumasını daha da çətinləşdirir.
Mütəxəssislər vurğulayır ki, əsas məqsəd uşaqları izləmək deyil onların təhlükəsiz şəkildə ünsiyyət qura biləcəyi mühit yaratmaqdır. Xüsusilə kiberhücumlar, fişinq tələləri və zərərli məzmunla qarşılaşan gənclərin valideynlərinə rahat şəkildə müraciət edə bilməsi vacib hesab olunur.
Valideynlərə aşağıdakı əsas tövsiyələr verilir:
Valideynlərə uşaqlarının sosial media istifadəsini sağlam şəkildə yönləndirmək üçün bir sıra vacib tövsiyələr verilir. İlk növbədə əgər övladınızın fəaliyyətini izləmək istəyirsinizsə bunu gizli şəkildə etmək əvəzinə səbəblərini açıq və səmimi şəkildə izah etməyiniz daha məqsədəuyğundur.
Psixoloqlar bildirir ki, qarşılıqlı etimad əsasında qurulan münasibət həm uşaqların psixoloji inkişafına, həm də onların rəqəmsal mühitdə daha təhlükəsiz davranmasına müsbət təsir göstərir.
Mənsumə
Sfera.az