Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə birbaşa dialoq üçün mümkün məkanları açıqlayıb. Kiyev və Moskva arasında sülh naminə dialoq mühiti yaranarsa, görüşün neytral ərazilərdə keçirilməsi əsas müzakirə mövzusudur.




Sfera.az xəbər verir ki, İtaliyanın RAI radiostansiyasına müsahibə verən Zelenski Putinlə danışıqlara hazır olduğunu, lakin görüş üçün Rusiya və ya Ukrayna paytaxtlarını uyğun görmədiyini bildirib.


 


Ukrayna lideri alternativ platformalar kimi Yaxın Şərqi, Avropanı və ya ABŞ-ni təklif edib.




Rusiya tərəfi isə dialoq üçün Moskva variantında israrlıdır. 2026-cı il yanvarın 28-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Zelenskini şəxsi görüş üçün Moskvaya dəvət edib. O vurğulayıb ki, Kreml Ukrayna prezidentinin təhlükəsizliyinə tam təminat verməyə hazırdır. Lakin Zelenski Moskvaya getməkdən imtina edərək görüşün neytral məkanda və ya Kiyevdə keçirilməsini istəyib. 




Kreml sözçüsü Dmitri Peskov isə xatırladıb ki, görüş təşəbbüsü məhz Zelenskidən gəlib: "Görüşü Zelenski tələb edib, Rusiya yox". Hazırda beynəlxalq diplomatik dairələrdə bu mümkün görüşün harada baş tutacağı maraqla gözlənilir.




Bəsti Rəfizadə

Sfera.az