Azərbaycanda artıq uzun illərdir ki, boşanma hallarının artması cəmiyyətin diqqət mərkəzində olan sosial məsələlərdən birinə çevrilib. Statistik göstəricilər ailə institutunda baş verən dəyişikliklərin getdikcə daha aydın hiss olunduğunu göstərir. Bildirilir ki, bu tendensiyanın arxasında həm sosial, həm psixoloji, həm də iqtisadi amillər dayanır. Boşanmaların artması ailə dəyərləri, münasibətlərə yanaşma və cəmiyyətin dəyişən həyat tərzi fonunda geniş müzakirə olunan mövzulardandır.


 


Sfera.az-ın əməkdaşı boşanma halları ilə bağlı bir sıra məqamları aydınlaşdırmaq üçün mediator Vəfa Seyfullayeva ilə həmsöhbət olub.




- Qadınlar və kişilər boşanma təşəbbüsündə necə fərqlənirlər?




- Təcrübədə tez-tez müşahidə olunur ki, qadınlar boşanma və ya münasibəti bitirmə qərarını adətən birdən-birə vermirlər. Bu qərar çox vaxt ani emosiyanın nəticəsi olmur. Əksinə, qadınlar uzun müddət ərzində münasibətdə yaşadıqları emosional yüklənməni içlərində daşıyır, problemi həll etməyə çalışır, dəfələrlə danışmaq, anlaşılmaq, dinlənmək və münasibəti xilas etmək üçün müxtəlif yollar sınayırlar. Onlar əksər hallarda münasibətin düzəlməsi üçün son ana qədər səy göstərir, qarşı tərəfin dəyişəcəyinə və ya vəziyyətin yaxşılaşacağına ümid edirlər. Lakin bu cəhdlərin nəticəsiz qalması, eyni problemlərin təkrar olunması və emosional ehtiyaclarının qarşılanmaması onları tədricən bir nöqtəyə gətirib çıxarır. Nəticədə qadın boşanma qərarına gəldikdə, bu artıq onun daxilində uzun müddət yetişmiş, düşünülmüş və emosional olaraq qəbul edilmiş bir qərar olur.




Kişilərdə isə çox zaman fərqli bir psixoloji dinamika müşahidə edilir. Onlar münasibətdə yaranan problemləri və ya qarşı tərəfin daxili uzaqlaşmasını bəzən daha gec fərq edirlər. Bir çox hallarda kişi münasibətdəki gərginliyi “keçici narazılıq”, “adi mübahisə” və ya “vaxtla düzələcək məsələ” kimi qəbul edir. Bu səbəbdən münasibətin həqiqətən təhlükə altında olduğunu və qadının artıq emosional olaraq geri çəkildiyini anlamaq onlarda daha gec baş verir. Yəni fərq ondadır ki, qadınlar prosesdən keçərək qərar verir, kişilər isə çox vaxt nəticə ilə üz-üzə qalaraq reaksiya verirlər.


 




- Aliment məsələsində ən çox hansı problemlər yaşanır? Bununla bağlı bəzi fikirlər var ki, əksər qadınlar aliment üçün boşanmaq istəyirlər və s. Bu məsələyə münasibətiniz necədir?




- Ən çox rast gəlinən problemlər məsuliyyətin qəbul edilməməsi, ödənişlərin gecikdirilməsi və ya aliment məbləği ilə bağlı tərəflər arasında razılaşmanın olmamasıdır. “Qadınlar aliment almaq üçün boşanır” fikri isə mənim üçün olduqca səthi yanaşmadır. Çünki praktiki olaraq heç bir qadın sırf aliment almaq naminə ailəsini dağıtmaq istəməz. Əslində, aliment nəticədir, səbəb deyil. Səbəblər isə daha dərindir: anlaşılmamaq, hörmətsizlik, emosional uzaqlaşma, bəzən isə illərlə yığılıb qalan problemlər. Bundan başqa, qanunvericilikdə də belə bir tələb yoxdur ki, tərəflərdən biri aliment almaq üçün mütləq rəsmi şəkildə boşanmalıdır. Təcrübədə elə hallarla qarşılaşırıq ki, qadın cəmiyyətin qınağından, mental stereotiplərdən və “filankəs nə deyər?” düşüncəsindən çəkinərək rəsmi boşanmaya getmir. Bu səbəbdən bir çox qadın sadəcə evi tərk edərək ata evinə qayıdır. Daha sonra isə rəsmi boşanma olmadan da alimentlə bağlı müraciət edirlər. Bir çox hallarda aliment məsələsi tərəflərdən birinin pis vərdişləri ilə də əlaqəli olur. Məsələn, ata düzgün həyat tərzi sürmür, ana isə işləmir. Belə vəziyyətdə qadın uşağın və ailənin dolanışığını təmin etməkdə çətinlik çəkir. Atadan maddi dəstək ala bilmədiyi üçün isə məcbur qalaraq rəsmi qaydada aliment tələb edir.




- Azərbaycanda boşanmaların ən çox rast gəlinən səbəbləri hansılardır?




- Azərbaycanda boşanmaların artmasına təsir edən səbəblər həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Praktikada müşahidə olunur ki, ailələrin dağılmasına tək bir səbəb yox, adətən bir neçə problemin üst-üstə yığılması gətirib çıxarır. Ən çox rast gəlinən səbəblər sırasında ilk növbədə maliyyə çətinlikləri dayanır. Ailədə maddi təminatın zəifləməsi, işsizlik, gəlir qeyri-sabitliyi və maddi məsuliyyətin bərabər bölüşdürülməməsi zamanla tərəflər arasında ciddi gərginlik yaradır. Digər geniş yayılmış səbəblərdən biri tərəflərdən biri — kişilərin pis vərdişləri ilə bağlı olur. Bununla yanaşı, ən kritik səbəblərdən biri də ünsiyyət çatışmazlığıdır. Çox zaman tərəflər problemləri vaxtında müzakirə etmir, inciklikləri içində saxlayır, narazılıqları dilə gətirmək əvəzinə yığır və nəticədə münasibət bir nöqtədə emosional partlayış yaşayır. Azərbaycanda spesifik olaraq rast gəlinən səbəblərdən biri də ailədaxili üçüncü şəxslərin müdaxiləsidir. Yəni qaynana, qaynata, baldız, qayın və digər yaxın qohumların cütlüyün şəxsi sərhədlərinə həddindən artıq müdaxilə etməsi, qərarlara təsir göstərməsi, tərəflərdən birinə təzyiq etməsi ailədaxili balansı pozur.




- Uşaqların psixologiyasına zərər verməmək üçün valideynlərə nə tövsiyə edərdiniz?




- Bu, həqiqətən də çox ciddi problemdir. Təcrübədə boşanma prosesində tez-tez rast gəlinən hallardan biri, xüsusilə də kişilər arasında, uşaqlardan bir növ “silah” kimi istifadə olunmasıdır. Məsələn, qadın boşanmaq üçün müraciət edir, amma kişi bu qərarla razılaşmır və ya hansısa məsələdən narazı qalır. Belə olan halda, bəzən uşaq vasitəyə çevrilir. Halbuki biz bu prosesdə uşaqların birbaşa iştirak etmədiyini nəzərə alaraq, onları üçüncü tərəf kimi qəbul edir və hüquqlarını daim qorumağa çalışırıq. Əslində uşaq üçün ən ağır olan boşanmanın özü deyil, həmin proses zamanı yaşadığı gərginlikdir. Əgər uşaq mübahisələrin, qışqırıqların, emosional təzyiqin və qarşıdurmanın içində qalırsa, bu, onun psixologiyasında daha dərin və uzunmüddətli izlər buraxır. Valideynlərl uşağı heç vaxt konfliktin mərkəzinə qoymamalıdırlar. Onu tərəf seçməyə məcbur etmək, digər valideyn haqqında mənfi fikir formalaşdırmaq və ya uşağı emosional təzyiq alətinə çevirmək çox ciddi travmalara səbəb olur. Uşaq bilməlidir ki, münasibət dəyişə bilər, amma valideynlik dəyişmir.


 



- Boşanma qərarı verən cütlüklərin ən böyük peşmanlığı nə olur?




- Adətən bizə müraciət edən insanlar artıq münasibətin və ya ailədaxili problemin ən kritik mərhələsinə gəlib çatmış olurlar. Yəni məsələ o həddə çatır ki, tərəflər uzun müddət içində topladıqları narazılığı, incikliyi və anlaşılmazlığı artıq daşıya bilmirlər. Əslində ən böyük peşmanlıq da məhz problemlərin başlanğıc mərhələsində vaxtında danışmamaq, bir-birini dinləməmək və yığılan narazılıqları zamanında həll etməmək olur. Çox vaxt insanlar düşünürlər ki, bu məsələ öz-özünə düzələr, amma əksinə, danışılmayan hər problem zaman keçdikcə daha da böyüyür və münasibətdə ciddi uçurum yaradır. Peşmanlıq xüsusilə o hallarda yaşanır ki, tərəflər emosional gərginlik içində çox tez qərar verirlər. Halbuki bəzi məsələlərdə bir qədər səbirli olmaq, qarşılıqlı güzəştə getmək, açıq dialoq qurmaq və peşəkar dəstək almaqla vəziyyəti yumşaltmaq mümkün ola bilərdi. Yəni bəzən münasibətin tamamilə bitməsi deyil, düzgün idarə olunmaması əsas problemə çevrilir.




- Ailəni qorumaq üçün mediatorun ən çox tövsiyə etdiyi prinsiplər hansılardır?




- Mediator olaraq tərəflərə birbaşa tövsiyə vermək bizim funksiyamıza daxil deyil. Bizim əsas vəzifəmiz hər iki tərəfə tamamilə neytral və qərəzsiz yanaşmaq, yaranmış mübahisənin daha konstruktiv və qarşılıqlı anlaşma əsasında həllinə şərait yaratmaqdır. Bir vətəndaş olaraq şəxsi fikir bildirməli olsam, düşünürəm ki, ailələrin dağılmasının əsas səbəblərindən biri məhz sağlam kommunikasiyanın olmamasıdır. Əksər hallarda mübahisə yaranan zaman tərəflər problemi birlikdə həll etməyə çalışmaq əvəzinə, hər biri öz mövqeyini müdafiə etməyə başlayır. Bu zaman eqolar ön plana keçir, qarşı tərəfi anlamaq yox, özünü haqlı çıxarmaq və öz doğrusunu sübut etmək əsas məqsədə çevrilir. Belə bir yanaşma isə mübahisəni həll etmir, əksinə, daha da dərinləşdirir. Çünki ailədaxili münaqişədə əsas məsələ kimin haqlı, kimin haqsız olması deyil, münasibətin necə qorunacağı və problemin necə həll olunacağıdır. Əgər tərəflər yalnız öz arqumentlərini önə çəkirsə, bir-birini dinləmirsə və emosiyalarla hərəkət edirsə, həmin mübahisənin sağlam nəticəyə gəlməsi çox çətin olur. Buna görə də mən düşünürəm ki, ailələr mümkün qədər bir masa arxasına əyləşməli, sakit şəkildə dialoq qurmalı və həqiqətən ailəni qorumaq niyyəti ilə söhbət aparmalıdırlar. Qarşılıqlı dinləmək, güzəştə getmək və münasibəti xilas etmək istəyi varsa, bir çox problemlərin həlli mümkündür.




- Qarşılaşdığınız ən fərqli ailə görüntüsü necə olub?




- Fərqli ailələrlə, çox müxtəlif həyat hekayələri ilə qarşılaşmışıq. Onların arasında mənim yaddaşımda ən çox qalan müraciətlərdən biri 72 yaşlı bir qadının nikahın pozulması ilə bağlı müraciəti idi. Açığı, bu hadisə mənim üçün çox təəccüblü və eyni zamanda olduqca təsirli olmuşdu. Çünki bu yaşda bir insanın belə bir qərarla müraciət etməsi, əslində, illərlə içində daşıdığı ağır psixoloji yükün göstəricisi idi. Həmin qadın bildirdi ki, uzun illər ərzində cəmiyyətin qınağı, ətrafın təzyiqi kimi yanaşmalar səbəbindən bu addımı ata bilməyib. O, illərlə həm cəmiyyətin, həm də ailədaxili münasibətin yaratdığı yükün altında qalıb və sırf övladlarını, insanların nə deyəcəyini düşündüyü üçün nikahı davam etdirib. Lakin həmin yaşda bizə müraciət etməsinin əsas səbəbi artıq bu mənəvi və sözlü təzyiqə dözə bilməməsi idi. O, açıq şəkildə dedi ki, bu addımı atmaqda məqsədi yalnız hüquqi ayrılıq deyil, daha çox daxilən özünə rahatlıq vermək, illərlə susduğu və qəbul etdiyi haqsızlığa qarşı nəhayət bir mövqe ortaya qoymaqdır. Hətta xanım bildirdi ki, formal olaraq ayrılsalar belə, yenə birlikdə yaşaya bilər, həmin kişiyə qulluq edə bilər, yeməyini də bişirə bilər. Amma onun üçün əsas olan qəlbən rahat olmaq idi. Yəni özünə demək istəyirdi ki, “mən də illərlə məni incidən bu münasibətə qarşı nəhayət bir addım atdım”.


 




- Boşanmaların ilbəil artmasının səbəbini nədə görürsünüz?




- İnsanlar artıq sadəcə dözmək üçün münasibətdə qalmaq istəmirlər, onlar keyfiyyətli münasibət istəyirlər. Xüsusilə də qadınların həyata, ailəyə və münasibətlərə baxışı son illərdə ciddi şəkildə dəyişib. Bunun tam olaraq yaxşı, yoxsa pis nəticələr doğuracağını zaman göstərəcək. Amma bir həqiqət var ki, qadınların bu dəyişimi ilk növbədə özünü müdafiə və özünü qoruma instinktindən qaynaqlanır. Əvvəllər bir çox qadın cəmiyyətin qınağından, “boşanmış qadın” damğasından, ailə təzyiqlərindən və maddi asılılıqdan qorxaraq həm mənəvi, həm də fiziki zorakılığa uzun illər dözürdü. Onlar çox zaman öz istəklərini, təhlükəsizliyini və psixoloji rahatlığını ikinci plana atırdılar. Lakin bu gün vəziyyət tədricən dəyişir. Artıq qadınlar münasibətdə yalnız formal olaraq qalmağın kifayət etmədiyini anlayırlar.




- Sizcə, sosial media və ətraf mühit ailələrə təsir edir, yoxsa öz dəyərlərini anladıqları üçünmü boşanmalara üz tuturlar?




- Hər iki faktor təsir edir. Əsasən sosial medianın təsiri böyükdür. Məsələn, xanımlar sosial şəbəkələrdə, xüsusilə İnstaqramda görürlər ki, kiminsə yoldaşı həyat yoldaşına xüsusi qayğı göstərir, gözəl evdə yaşayırlar və ya tez-tez hədiyyələr alır. Bu zaman istər-istəməz qadında bir qıcıq və müqayisə hissi yaranır: “Onun məndən nə artığı var?”. Digər tərəfdən, indi özünü psixoloq və ya “kouç” kimi təqdim edən şəxslər də sosial mediada müxtəlif məsləhətlər verirlər. Məsələn, deyirlər ki, kişi belə olmalıdır, qadına belə yanaşmalıdır, yaxud paylaşırlar ki, “kişinin sizi sevib-sevmədiyini bu addımlarla anlaya bilərsiniz”. Belə olduqda, istər-istəməz qadında belə bir fikir formalaşır ki, əgər bunu psixoloq deyirsə, deməli, burada nəsə var. Və o, bu deyilənləri çox zaman dərindən düşünmədən, olduğu kimi qəbul etməyə başlayır. Sonra da həmin yanaşmaları öz ailəsində yoxlamağa çalışır: “Gedim bu sualı yoldaşıma verim, görüm nə cavab verəcək” və ya “Bunu edim, görüm necə reaksiya verəcək”. Halbuki ailədaxili münasibətlər hər ailədə fərdi və özünəməxsusdur. Bu məsələlərə yalnız bir pəncərədən baxmaq düzgün deyil. Hamımız görürük ki, sosial mediada paylaşılanlar hər zaman reallığı əks etdirmir. Çox vaxt bu paylaşımlar daha çox göstəriş xarakteri daşıyır.


 


- Barışıq yaratmaq istəyərkən qəti qərarda olan tərəf daha çox kişilər, yoxsa qadınlar olur?




- Kişilər adətən daha qəti mövqe nümayiş etdirirlər. Cəmiyyətdə də müşahidə etdiyimiz kimi, faiz nisbətinə baxdıqda müraciət edənlərin böyük əksəriyyəti qadınlardır. Psixoloqların da qeyd etdiyi kimi, onlar çox zaman komfort zonasından çıxmaq istəmirlər və mən bu fikirlə razıyam. Düşünürəm ki, bizim qadınlar çox fədakardırlar, ailələrinə olduqca bağlıdırlar. Ümumiyyətlə, bizim ailə dəyərlərimiz bir çox xalqlardan fərqlənir və bu baxımdan daha güclü bağlar üzərində qurulub. Məhz buna görə də ailənin yükünün böyük hissəsi çox zaman qadının üzərinə düşür. Qadın bəzən nəyin bahasına olursa-olsun ailəni qorumağa çalışır, kişinin nazını çəkir, güzəştə gedir. Kişi isə bu vəziyyətdə formalaşmış komfort zonasından çıxmaq istəmir. Nəticədə qadın zamanla daha çox yüklənir, yorulur və tükənir. Bir çox hallarda kişilər qadınları zəif görürlər. Onlar düşünürlər ki, qadın boşandıqdan sonra nə edəcək, necə yaşayacaq? Hətta belə yanaşma da var ki, əgər bir qadın bu qədər dözübsə, deməli, gələcəkdə də dözəcək, yenə güzəştə gedəcək. Amma həyat göstərir ki, qadın müəyyən yaşdan və həyat təcrübəsindən sonra daha çox kamilləşir, özünü və yaşadıqlarını daha aydın qiymətləndirməyə başlayır. Geriyə baxanda görür ki, illər ötüb, gəncliyi gedib və artıq əvvəlki kimi susmaq istəmir. Məncə, qadınlarda yaş artdıqca dünyagörüşü, həyata baxışı və qərarvermə tərzi dəyişir. Amma çox zaman kişi bu dəyişimi görmür və ya görmək istəmir. Ən vacib məqamlardan biri də budur ki, qadınlar münasibəti xilas etmək üçün kişiləri dəfələrlə dialoqa çağırırlar, danışmaq, anlaşmaq istəyirlər. Lakin kişilər çox vaxt bu dialoqdan qaçır, problemi qəbul etmək və üzləşmək istəmirlər.


 




- Son illərdə boşanma və ailə qurma hallarında azalma müşahidə olunur. Maraqlıdır, bunun əsas səbəbi nədir?




- Məncə, bugünkü gənclər artıq ailə qurmağın sadəcə bir sosial mərhələ deyil, ciddi məsuliyyət tələb edən bir qərar olduğunu daha aydın dərk edirlər. Onlar əvvəlki dövrlərdə olduğu kimi yalnız “evlənmək vaxtıdır” düşüncəsi ilə, yaxud cəmiyyətin və ətrafın təzyiqi ilə addım atmırlar. Əksinə, ailə həyatının həm mənəvi, həm psixoloji, həm də maddi tərəflərini daha dərindən düşünərək qərar verməyə üstünlük verirlər. Müasir gənclər üçün evlilik artıq formal bir addım deyil, gələcək həyatın sağlam və dayanıqlı təməl üzərində qurulması deməkdir. Məsələn, bir çox gənc bəylər ailə qurmazdan əvvəl maddi baxımdan özlərini daha güvənli hiss etmək istəyirlər. Onlar düşünürlər ki, ailə quracaqları xanımın ehtiyaclarını, istəklərini və ümumilikdə ailənin gündəlik tələbatlarını layiqincə qarşılaya bilməlidirlər. Bu yanaşma, əslində, məsuliyyətdən qaçmaq deyil, əksinə, məsuliyyətin fərqində olmaqdan irəli gəlir. Eyni yanaşmanı gənc xanımlarda da görmək mümkündür. Bir çox qızlar düşünürlər ki, ailə qurduqdan sonra üzərlərinə düşən mənəvi, emosional və praktiki öhdəlikləri nə dərəcədə düzgün yerinə yetirə biləcəklər. Bu da göstərir ki, bugünkü gənclər evliliyə daha realist və daha yetkin yanaşırlar. Yəni, ümumilikdə desək, indiki gənclərdə ailəyə münasibətdə daha güclü məsuliyyət hissi formalaşıb.


 


Fidan Hacızadə 

Sfera.az