Dünyada sürətlə gedən rəqəmsallaşma prosesi həyatımızın demək olar ki, bütün sahələrinə təsir edib.
Bu gün texnologiya gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bununla yanaşı, texnologiyanın inkişaf tarixi bir çox maraqlı və az bilinən faktlarla zəngindir.
Sfera.az-ın araşdırmalarına görə, müasir texnologiyanın əsasını təşkil edən Sənaye İnqilabı ilk olaraq İngiltərədə baş verib. Bu dövrdə əl əməyinin tədricən maşınlarla əvəz olunması istehsalda böyük dönüş yaradaraq, bugünkü rəqəmsal dünyanın formalaşmasının təməlini qoyub. Kommunikasiya sahəsində mühüm yeniliklərdən biri telefonun ixtirası olub.
Məşhur alim Alexander Graham Bell ilk telefon zəngini çoxlarının düşündüyü kimi hansısa qadına deyil, öz köməkçisi Tomas Vatsona edib. Bu fakt illərdir dolaşan bəzi yanlış məlumatları da təkzib edir. Texnologiyanın inkişafında mobil cihazların rolu da böyükdür. İlk smartfon 1992-ci ildə təqdim olunub və bu cihaz müasir smartfonların ilkin nümunəsi hesab edilir.
Sonrakı illərdə isə bu sahədə böyük sıçrayış baş verib. Xüsusilə “Apple” şirkəti texnologiya dünyasında mühüm rol oynayıb. Şirkət innovativ məhsulları ilə seçilərək 2007-ci ildə ilk “iPhone” modelini təqdim edib və bu addım mobil sənayeni tamamilə dəyişib. Bundan əlavə, mobil internet texnologiyalarının tarixi də düşündüyümüzdən daha qədimdir.
İlk dəfə 1996-cı ildə mobil telefonlara internet bağlantısı qurulub və bu, bugünkü yüksək sürətli internetin əsasını təşkil edib. Bütün bu faktlar göstərir ki, texnologiya dünyası yalnız sürətli inkişafla deyil, həm də maraqlı və bəzən gözlənilməz yeniliklərlə doludur. Gələcəkdə bu sahədə daha böyük dəyişikliklərin baş verəcəyi isə artıq indidən hiss olunur.
Mənsumə
Sfera.az