Son zamanlar İranla ABŞ arasında atəşkəs və sanksiyaların yumşaldılması mövzusunda danışıqlar diqqət mərkəzindədir.
Lakin razılaşma əldə olunmasa, bölgədə gərginliyin yenidən artması ehtimalı var. Əgər İran razılaşma şərtlərini qəbul etməsə və yerinə yetirməsə, Yaxın vaxtlarda ABŞ İrana qarşı hücumları yenidən bərpa edə bilərmi?
Politoloq Oqtay Qasımov Sfera.az-a açıqlamasında bildirib ki, İran və ABŞ arasında əldə olunmuş atəşkəs razılaşması kifayət qədər kövrəkdir. Onun sözlərinə görə, tərəflərin dünənki açıqlamalarından da o qənaətə gəlmək olar ki, toqquşma riskləri hələ də qalmaqdadır:
“Bu risk kifayət qədər yüksəkdir. Xüsusilə Hizbullahla bağlı olan məsələ tərəflər arasında fikir ayrılıqları yaradır. Belə ki, İran tərəfi bəyan edir ki, bu atəşkəs razılaşması həm də Livanı əhatə etməlidir. Amma ABŞ tərəfi, İsrail bunun Livanı əhatə etmədiyini bildirir. İsrailin Livana hücumu, Hizbullaha zərbələri davam etməkdədir. Bu baxımdan hazırda tərəflər arasında kifayət qədər fikir fərqliliyi ortadadır. Qarşıdakı günlərdə İslamabadda ABŞ və İran nümayəndələri arasında danışıqlar baş tutmalıdır. Demək hələ də razılaşma var. Kifayət qədər yüksək səviyyəli təmsilçilərlə görüş olacaq. İddialara görə, ABŞ tərəfindən vitse-prezident Ceyms Di Vens, İran tərəfini isə parlamentin sədri Qalibaf təmsil edəcək. Hər halda tərəflərin mövqelərinə baxsaq, irəli sürdüyü şərtlər bir-birindən fərqlənmir. Dünən ABŞ tərəfindən bəyan edildi ki, onlar İranın 10 maddəlik şərtlərini kənara qoyurlar. Bunu müzakirə etməyəcəklər. Sadəcə ABŞ-nin irəli sürdüyü 15 şərt ətrafında müzakirələr getməlidir. Əgər tərəflər arasında razılaşma olmasa, o zaman müharibə yenidən alovlana bilər. Bu, yenidən kritik şərtlər formalaşdıra bilər. Amma hesab edirəm ki, bu müharibənin çox uzanmasında nə İran nə də ABŞ maraqlıdır. Burda İsrailin mövqeyi fərqlidir”.
Politoloq qeyd edib ki, eyni zamanda İranın arxasında duran əsas güclər arasında Çin də var:
“Çin də bu atəşkəsin əldə olunmasında rol oynayır. Çin də bu müharibənin dayanmasında maraqlı ola bilər. Çünki bu müharibə həm beynəlxalq sistemdə ciddi çalxalanmalara gətirib çıxara bilər. Dünya iqtisadiyyatı ciddi şəkildə ziyan görə bilər. Eyni zamanda Çin də istəyir ki, Hörmüz boğazı açılsın, müharibə dayansın və atəşkəs dönəmi davam etsin. Bununla da Çin öz iqtisadiyyatını ayaqda tutmaq istəyir”.
Müsahibimiz əlavə edib ki, razılaşmanın əldə olunmasında müəyyən risklər ola bilər:
“Amma tərəflər rasional davranaraq müəyyən razılaşma əldə edə bilərlər. Amma bu razılaşmanın əldə edilməsi kifayət qədər problematik görünür. Xüsusilə də Hörmüz boğazının açılması ilə bağlı məsələ də tərəflərin mövqeləri ciddi şəkildə fərqlənir. İran, əslində öz şərtlərini ortaya qoymaqla Hörmüz boğazında nəzarəti tam şəkildə ələ götürməklə və bu boğazdan 50-60 milyard dollar gəlir qazanmaqla həm öz iqtisadiyyatını, həm də hərbi potensialını bərpa etməyə çalışacaq. Bu da gələcək də müəyyən problemlər yarada bilər. Bölgədə müharibənin olmaması üçün, tərəflər konstruktiv bir məcrada müzakirə aparmaqla bir-birinə qarşı təhlükəsizliklə və hücum etməməklə bağlı zəmanətlər verməlidir. Xüsusilə də İranın proksi qüvvələri ilə bağlı mövqeyi, nüvə proqramı və roket potensialı hazırda ciddi problemlərdən biri hesab oluna bilər”.
Niyaz Hacıyev
Sfera.az