“Reuters” agentliyinin adı açıqlanmayan İran rəsmisinə istinadən yaydığı məlumata görə, atəşkəslə bağlı çərçivə razılaşması əldə olunacağı təqdirdə, Tehran cümə axşamı və ya cümə günü Hörmüz boğazını yenidən aça bilər.
Bəs görəsən, Hörmüz boğazının açılması dünya iqtisadiyyatının əvvəlki sabitliyinə və gücünə qayıtmasına şərait yaradacaqmı, yoxsa hələ də bu zərbənin təsiri hiss olunacaq?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Hörmüz boğazının açılması dünya iqtisadiyyatı üçün çox vacib müsbət siqnaldır. Onun sözlərinə görə, bu, ilk mərhələdə bazarlarda müəyyən rahatlama yaradır:
“Neft və qaz daşınması bərpa olunduqca enerji qiymətləri üzərindəki təzyiq azalır, bu da inflyasiyanın bir qədər zəifləməsinə və maliyyə bazarlarında sabitliyin qismən bərpasına səbəb ola bilər. Amma bu, o demək deyil ki, dünya iqtisadiyyatı dərhal əvvəlki sabit vəziyyətinə qayıdacaq. Çünki baş verən gərginlik artıq bazarlarda risk hissini artırıb. Sığorta xərcləri, daşınma tarifləri və şirkətlərin ehtiyatlı davranışı hələ bir müddət davam edəcək. Bir çox ölkə və şirkətlər alternativ marşrutlar və ehtiyat planlar qurmağa başlayıb, bu da əlavə xərclər yaradır”.
Ekspert qeyd edib ki, enerji bazarı çox həssas qaldığı üçün kiçik bir siyasi gərginlik belə qiymətlərin yenidən artmasına səbəb ola bilər:
“Yəni bazar psixoloji olaraq tam sakitləşməyib. İnvestorlar və şirkətlər hələ də ehtiyatlı davranacaq, bu da iqtisadi aktivliyin tam sürətlə bərpasını ləngidə bilər. Ümumilikdə, boğazın açılması vəziyyəti xeyli yaxşılaşdırır, amma son gərginliyin təsiri bir müddət hiss olunacaq. Tam sabitlik üçün təkcə nəqliyyatın bərpası yox, regionda uzunmüddətli siyasi sabitlik və etimadın bərpası lazımdır”.
Niyaz Hacıyev
Sfera.az