“Politico” nəşrinə danışan Avropa İttifaqı rəsmisinin sözlərinə görə, İsrailin Livana endirdiyi zərbələr ABŞ və İran arasında əldə olunan atəşkəsi pozmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Livandakı vəziyyəti şərh edən digər Aİ rəsmisi isə bildirib ki, hadisələrin bu cür inkişafı əvvəlcədən proqnozlaşdırılırdı. Başqa bir mənbə qeyd edib ki, Brüssel beynəlxalq tərəfdaşları ilə birlikdə Livan məsələsində daha fəal mövqe tutmalı və danışıqların bərpasına təkan verməlidir.
İsrailin Livana hücumları doğrudan da ABŞ və İran arasında formalaşan atəşkəsi pozmağa yönəlmiş geosiyasi mesajdırmı və bu addım regionda yeni qarşıdurma riskini artırırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kənan Rövşənoğlu bildirib ki, İsrailin atəşkəsə baxmayaraq Livana hücumları davam etdirməsi sabotaj xarakteri daşıyır:
“Çünki əvvəldən elan olunmuşdu ki, atəşkəs Livanı da əhatə edir. Buna baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu hərbi əməliyyatları davam etdirməkdə israrlıdır. Çünki hərbi əməliyyatların və regionda gərginliyin davam etməsi baş nazirin maraqlarına uyğundur. İrana qarşı müharibə də əslində Netanyahunun planı idi”.
Politoloqun sözlərinə görə, İsrail ordusu quru əməliyyatlarında Hizbullaha qarşı ciddi uğur əldə edə bilmədiyi üçün aviasiya vasitəsilə Livanın şəhər və qəsəbələrini şiddətlə bombalayır:
“Lakin ehtimal edirəm ki, ABŞ atəşkəsə sadiq qalsa, İsrail bu müharibəni uzun müddət təkbaşına davam etdirə bilməyəcək”.
Fidan Hacızadə
Sfera.az