ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran nüvə proqramı və Hörmüz boğazının açılması ilə bağlı əsas məsələlər üzrə razılığa gəlib. Onun sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar nəticəsində həm nüvə proqramı, həm də Hörmüz boğazının fəaliyyəti ilə bağlı mühüm razılaşmalar əldə olunub.
Bəs bu cür razılaşmada İran nə qazanır? Bu, müharibədən əvvəlki status-kvonun təsdiqi deyilmi?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda hər iki tərəfin verdiyi açıqlamalar arasında kəskin ziddiyyətlər var:
“ABŞ Prezidenti Donald Tramp iki tərəf arasında bir çox məsələlərin artıq razılaşdırıldığını bildirir. O, hətta nüvə proqramı və Hörmüz boğazı ilə bağlı müəyyən anlaşmaların əldə olunduğunu vurğulayır. Lakin İrandan verilən açıqlamalar tamamilə fərqli məzmun daşıyır. Belə ki, rəsmi Tehran bildirir ki, Hörmüz boğazı İranın nəzarətində qalmalıdır. Eyni zamanda, uranın zənginləşdirilməsi ilə bağlı İranın hüquqlarının tanınması kimi tələblər irəli sürülür. Bu isə onu göstərir ki, ABŞ və İran arasında bütün bu məsələlər ətrafında prinsipial anlaşma və ya yekun razılaşma hələlik mövcud deyil. Hər iki tərəf öz maraqlarına uyğun açıqlamalar verir. Üstəlik, diqqətçəkən digər mühüm məqam ondan ibarətdir ki, hər iki tərəf özünü qalib elan edir. İran da bu qarşıdurmada özünü qalib hesab edir, ABŞ da eyni mövqedən çıxış edir”.
Politoloq ziddiyyətli məqamların çox olduğunu və bu ziddiyyətlərin getdikcə daha da dərinləşdiyini vurğulayıb:
“Böyük ehtimalla, yaxın iki həftə ərzində ümumi situasiya daha aydın görünməyə başlayacaq. Çünki atəşkəsin müddəti 14 gün olduğuna görə, bu müddət ərzində mövcud şərtlər, tərəflərin qarşılıqlı tələbləri, eləcə də Hörmüz boğazı və nüvə proqramı ilə bağlı məsələlər müzakirə olunacaq. Əgər anlaşma əldə edilərsə, həmin məsələlər sülh sazişinə daxil ediləcək və yekun nəticə də o zaman bəlli olacaq. Əgər bütün bu məsələlər üzrə razılıq əldə olunmazsa, bu, tərəflər arasında savaşın dayandırılması istiqamətində göstərilən cəhdlərin uğursuzluğa düçar olduğunu göstərəcək. Bu halda savaş ya dondurulmuş vəziyyətdə qalacaq, ya da hərbi əməliyyatların yenidən bərpa olunması təhlükəsi artacaq. Bütün bunlar onu göstərir ki, hər iki tərəf hələlik bir-birinə qarşı siyasi və psixoloji təzyiq göstərməyə çalışır. Bu da onu deməyə əsas verir ki, savaşın sonu, eləcə də atəşkəs dövründə aparılacaq müzakirələrin nəticələri hələlik qeyri-müəyyən, hətta müəmmalı xarakter daşıyır”.
Fidan Hacızadə
Sfera.az