ABŞ və İsrailin hücumlarından sonra müharibənin 40-cı günündə əldə edilən atəşkəsdən sonra diqqət danışıqlar prosesinə yönəlib. İran tərəfi danışıqlara ehtiyatla yanaşır və proses uğursuz olarsa uzunmüddətli müharibəyə hazır olduğunu bəyan edib.




Sfera.az xəbər verir ki, İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminya dövlət televiziyasına açıqlamasında atəşkəsin İranın qətiyyətli mövqeyi nəticəsində qəbul edildiyini iddia edib.


 


O bildirib ki, İranın şərtləri danışıqların əsasını təşkil edir.




Əkrəminya danışıqlar prosesinə ehtiyatla yanaşdıqlarını deyib: 




“Danışıqların uğurlu olacağına ümid edirik, amma uğursuz olarsa, uzunmüddətli müharibəyə də hazırıq”.




2015-ci il nüvə razılaşmasına da toxunan İran sözçüsü qarşı tərəfə etimadsızlıqla yanaşdıqlarını qeyd edib: 




“Düşmən nüvə razılaşması prosesində etibarlı olmadığını göstərdi. Əvvəlki iki danışıqlar raundunda da eyni münasibəti nümayiş etdirib”.




Əkrəminya hərbi hazırlıqların davam etdiyini vurğulayıb: 




“Gözlərimiz düşməndə, barmağımız tətikdədir”, – deyə mümkün eskalasiyaya hazır olduqlarını da bildirib.




O, Parlament tərəfindən Hörmüz boğazından keçid üçün rüsumların tətbiqi ilə bağlı hazırlanan qanun layihəsinə də toxunub və bu addımın İrana iqtisadi fayda verə biləcəyini bildirib.


 


Mənsumə

Sfera.az