ABŞ və İran arasında münasibətlərdə son dövrlər müəyyən yumşalma siqnalları müşahidə olunur. Xüsusilə iqtisadi məhdudiyyətlərin azaldılması ilə bağlı açıqlamalar diqqət çəkir.


 


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla tariflərin və sanksiyaların yumşaldılmasını müzakirə edir. O, “Truth Social” hesabında yazıb: “Biz İranla tariflərin və sanksiyaların yumşaldılmasını müzakirə edirik və müzakirə etməyə davam edəcəyik. 15 bəndin çoxu artıq razılaşdırılıb”.


 


Bu addım iki ölkə arasında münasibətlərin normallaşmasına zəmin yaradacaqmı?


 


Siyasi şərhçi Elmir Səftərov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında gedən danışıqlar hazırda ziddiyyətli bəyanatlar və paralel diplomatik proseslərlə xarakterizə olunur. Onun sözlərinə görə, rəsmi açıqlamalar çox vaxt daxili auditoriyaya və beynəlxalq ictimaiyyətə yönəldiyi üçün arxa planda aparılan real danışıqları tam əks etdirmir:


 



 


“Danışıqlardakı əsas mübahisə mövzularından biri isə İranın nüvə proqramıdır. İran nüvə enerjisindən dinc məqsədlərlə istifadə etdiyini bildirsə də, ABŞ bu proqramın hərbi istiqamətə yönələ biləcəyindən narahatdır və uranın zənginləşdirilməsinin ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir. İran isə bunu öz suveren hüququ kimi qiymətləndirir. Sanksiyalar məsələsi də əsas müzakirə predmetidir. ABŞ uzun illərdir tətbiq etdiyi iqtisadi sanksiyaların yalnız İranın konkret şərtlərə əməl etməsi halında mərhələli şəkildə aradan qaldırıla biləcəyini bildirir. Regional təhlükəsizlik məsələləri də ciddi fikir ayrılığı yaradır. ABŞ İranın regiondakı təsirini, xüsusilə də Hizbullah və Həmas kimi qruplarla əlaqələrini məhdudlaşdırmaq istəyir. İran isə bu qüvvələri öz təhlükəsizlik strategiyasının bir hissəsi hesab edir”.


 


Siyasi şərhçi qeyd edib ki, Hörmüz boğazı məsələsi də gündəmdədir:


 


“Bu strateji keçidin açıq qalması qlobal enerji bazarları üçün həyati əhəmiyyət daşıyır, lakin onun nəzarəti və istifadə qaydaları ilə bağlı tərəflər arasında fikir ayrılıqları mövcuddur. Ümumilikdə danışıqlarda bəzi texniki və daha sadə məsələlər üzrə müəyyən irəliləyiş əldə olunsa da, əsas siyasi və təhlükəsizlik məsələləri üzrə ciddi ziddiyyətlər qalmaqdadır. Buna baxmayaraq, qarşılıqlı güzəştlər və siyasi iradə olarsa, mərhələli razılaşmaların əldə olunması mümkündür”.


 


Niyaz Hacıyev


Sfera.az