Azərbaycanda uzun illərdir ki, toy sektoru iqtisadiyyatın ən dinamik və gəlirli sahələrindən biri hesab olunurdu. Lakin son dövrlərdə müşahidə edilən mənzərə tamamilə fərqlidir. Artıq şadlıq evi biznesi əvvəlki cəlbediciliyini itirib, yeni sarayların tikintisi demək olar ki, aparılmır, mövcud obyektlər isə sürətlə profilini dəyişir. Dəbdəbəli şadlıq evlərinin yerində ya çoxfunksiyalı ticarət mərkəzləri, ya xidmət obyektləri, ya da daha mərasim evləri peyda olur.




Bəs bu tənəzzülün əsl səbəbi nədir? İnsanlar artıq evlənmək istəmir, yoxsa sadəcə "şadlıq evi formatı" müasir dövrün tələbləri ilə uzlaşmır? 




Sfera.az-a bu haqda açıqlama verən sosioloq Naib Niftəliyevin sözlərinə əsasən, şadlıq saraylarında müştəri sayının azalması müxtəlif obyektiv səbəblərdən qaynaqlanan təbii bir prosesdir:




“Bu vəziyyət ilk növbədə bağlanan nikahların sayının azalması, toy sifarişlərinin məhdudlaşması və digər kütləvi şənliklərin sayındakı azalma ilə birbaşa bağlıdır. Bu tendensiyaya təsir edən əsas amilləri qruplaşdırsaq görürük ki, bura sosial-iqtisadi faktorlar, nikah prosedurlarının sadələşməsi, demoqrafik dəyişikliklər daxildir. Əhalinin rifah halı və iqtisadi vəziyyəti toy və digər mərasimlərin miqyasına təsir göstərir. Müasir dövrdə bəzi ailələr böyük və təmtəraqlı mərasimlər keçirmədən evlənməyə üstünlük verirlər ki, bu da şadlıq saraylarının xidmətinə olan tələbi azaldır. Əhalinin sayındakı artım tempinin zəifləməsi ən mühüm amillərdən biridir. Hazırda nisbi artım müşahidə olunsa da, demoqrafik proqnozlar diqqət çəkicidir. Yaxın 10 il ərzində ciddi bir dönüş baş verməzsə, Azərbaycanda əhali sayında əvvəlcə sabitləşmə (durğunluq), növbəti 20 il ərzində isə tədricən azalma prosesi başlayacaq. Bu həm də əhalinin ümumi qocalması və yeni qurulan ailələrin sayının azalması ilə əlaqədardır. Nəticə etibarilə, yeni ailə quranların sayı azaldıqca, toy məclislərinin həcmi və şadlıq saraylarına müraciət edənlərin sayı da təbii olaraq azalmağa davam edəcəkdir”.




Mütəxəssis şadlıq saraylarındakı azalma tendensiyasına təsir edən ən mühüm faktorlardan birinin də ailə böhranları, boşanmaların sayının artması və nikahla bağlı yaranan müxtəlif sosial problemlər olduğunu qeyd edib:




“Bu amillərin fonunda şadlıq evləri artıq əvvəlki kimi əlverişli bir biznes sahəsi hesab olunmur. Bu sahədəki əsas çətinliklər investisiya riskləri, fəaliyyət istiqamətinin dəyişdirilməsi və sahibkar seçimidir. Bu binaları inşa edənlər böyük maliyyə itkiləri ilə üzləşirlər. Maddi çətinliklər səbəbindən yatırılan kapitalın geri qaytarılması (gəlirlilik) mümkün olmur. İnvestisiyanın geri dönməməsi sahibkarları fərqli və daha gəlirli fəaliyyət sahələri axtarmağa sövq edir. Hazırda əksər iş adamları bu sahəyə investisiya qoymağın səmərəsiz olduğunu anlayır və daha çox qazanc vəd edən sektorlara üstünlük verirlər. Bu səbəblərdən dolayı, şadlıq evlərinin sayının azalması tendensiyasının ciddi şəkildə davam edəcəyi gözlənilir”.




Bəsti Rəfizadə

Sfera.az