Xəbər verdiyimiz kimi, Moldova Prezidenti Maya Sandu ölkəsinin MDB-dən çıxdığını elan edən fərman imzalayıb.
Belə ki, fərmana əsasən, təşkilatın təsis müqaviləsi, protokolu və təşkilatın nizamnaməsi MDB-nin əsas müqavilələri çərçivəsində ləğv edilib.
Maraqlıdır, bundan sonra digər ölkələr də təşkilatdan çıxa bilərmi, MDB-nin dağılma riski varmı?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Moldovanın MDB-dən çıxmaqla bağlı qərarı regionda gedən geosiyasi transformasiyaların tərkib hissəsi kimi qiymətləndirilə bilər.
O qeyd edib ki, SSRİ-nin dağılmasından sonra Rusiya tərəfindən təsis edilən Müstəqil Dövlətlər Birliyi (MDB) əsasən bu regionda siyasi və iqtisadi təsir imkanlarını qoruyub saxlamaq məqsədi daşıyırdı, lakin son 30 il ərzində MDB tam funksional və effektiv regional təşkilata çevrilə bilmədi. Bunun əsas səbəblərindən biri üzv ölkələrin maraqlarının uzlaşmaması, həmçinin Rusiyanın bu platformada dominant rol oynamaq istəyi ilə bağlıdır.
M.Əsədullazadə nəzərə çatdırıb ki, bir çox hallarda təşkilat çərçivəsində qəbul edilən qərarlar praktik müstəvidə icra olunmayıb:
“Həmçinin, Rusiyanın üzv ölkələrə qarşı işğal və təzyiq siyasəti bu qurumun inkişafına zərbə vurdu. Rusiya ilə bəzi üzv ölkələr arasında baş verən münaqişələr də MDB-nin zəifləməsinə təsir göstərib. 2008-ci ildə Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə qarşı qəsdi, münaqişədən sonra bu ölkə təşkilatı tərk etdi. Artıq Ukraynada MDB tərk edib. Moldovanın da MDB-dən uzaqlaşma istiqamətində atdığı addımlar bu tendensiyanın davamı kimi qiymətləndirilə bilər. Bu, Rusiyanın post-sovet məkanında təsir imkanlarının əvvəlki səviyyədə olmadığını göstərən amillərdən biridir”.
Siyasi ekspertin fikrincə, növbəti dəfə MDB-ni tərk edən ölkə Ermənistan ola bilər:
“N.Paşinyan seçkilərdə qələbə əldə edəcəksə, növbəti mərhələdə rəsmi şəkildə MDB-ni tərk edəcək. Azərbaycana gəldikdə isə, ölkəmizin bu qurumda qalıb ya qalmamaq kimi hər hansı bir problemi yoxdur. Yaxın perspektivdə MDB formal olaraq fəaliyyətinə son verəcək”.
Firuzə Əliyeva
Sfera.az