İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bölgədə gərginliyi azalda biləcək mühüm bəyanatla çıxış edib.
Sfera.az xəbər verir ki, nazir müavini Hörmüz boğazının gəmilərin təhlükəsiz keçidi üçün tam açılmasının ABŞ-nin Yaxın Şərqdəki fəaliyyətindən asılı olduğunu bildirib.
BBC-yə müsahibə verən Xətibzadə qeyd edib ki, Tehran gəmilərin keçidi üçün təhlükəsizlik zəmanəti verməyə hazırdır, lakin bunun üçün Vaşinqton konkret addım atmalıdır:
"Təhlükəsiz keçidi təmin edəcəyik, lakin bu, yalnız ABŞ təcavüzü faktiki olaraq dayandırdıqdan sonra baş verəcək”.
Xətibzadə, həmçinin İsrailin Livanı atəşə tutmasını atəşkəsin kobud pozulması kimi qiymətləndirib və ABŞ-nin regionda "sülh və müharibə arasında" seçim etməli olduğunu vurğulayıb.
İran Hərbi Dəniz Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazından keçən gəmilərə xüsusi xəbərdarlıq edib. Minalarla toqquşma riskini bəhanə gətirən Tehran, gəmilərin Larak adası sularından keçən iki alternativ marşrutla hərəkət etməli olduğunu açıqlayıb.
Bəsti Rəfizadə
Sfera.az