ABŞ-nin İranla iki həftəlik atəşkəs barədə razılığa gəlməsi İsraildə sərt reaksiyaya səbəb olub. İsraildəki bir çox siyasi qüvvə bu qərarı kəskin tənqid edir və addımın İrana üstünlük qazandırdığını düşünür.
Bəs atəşkəs həqiqətənmi İsrailin maraqlarına uyğun deyil?
Sfera.az-a açıqlama verən politoloq Natiq Miri bildirib ki, bu qərara olan etirazlar təbiidir:
“Qarşıdurma başlamazdan öncə qarşıya qoyulan strateji hədəflərin heç birinə hələlik nail olunmayıb. İsrailin təhlükəsizliyi üçün kritik olan nüvə məsələsi həllini tapmayıb, nüvə mərkəzləri məhv edilməyib və zənginləşdirilmiş uran ələ keçirilməyib. İran hazırda 60 faizə qədər zənginləşdirdiyi uranı ABŞ-yə təslim etməyə və prosesi dayandırmağa razı deyil. Digər tərəfdən, region üçün potensial təhlükə olan ballistik raket proqramları hələ də yerindədir. Atəşkəsə qədər davam edən intensiv raket atışları İranın hələ də minlərlə qanadlı və hipersonik raketə sahib olduğunu sübut edir”.
Ekspertin fikrincə, qlobal iqtisadiyyatı hədəf alan Hörmüz boğazının bağlanması İranın əlində güclü təsir mexanizminə çevrilib:
“Bu vəziyyət Donald Tramp administrasiyasını dünya qarşısında çətin vəziyyətə salıb. Neft qiymətlərinin kəskin artması və qlobal iqtisadi böhranın başlaması birbaşa ABŞ-nin məsuliyyət dairəsidir. İsrail hökuməti isə narazıdır, çünki bu atəşkəs ona nə siyasi, nə hüquqi, nə də hərbi cəhətdən heç bir təhlükəsizlik zəmanəti vermir. Məsələn, İran Konstitusiyasında İsrailin məhv edilməsi qeyd olunub. Sülh sazişində İranın bu bəndi ləğv edəcəyi inandırıcı deyil. Bu səbəbdən atəşkəs İsraildə Netanyahu hökumətinin məğlubiyyəti kimi dəyərləndirilir”.
Natiq Miri qeyd edib ki, buna baxmayaraq, Netanyahu Trampla münasibətləri pozmayacaq:
“Trampı bu müharibənin qısamüddətli qələbə ilə bitəcəyinə məhz Netanyahu inandırmışdı. Lakin gözlənilən olmadı, rejim çökmədi. Netanyahu bunun fərqindədir və Trampa qarşı çıxmayacaq. Lakin o, sülh prosesini pozmaq üçün 'dağıdıcı elementlər' hazırlayıb. İranla atəşkəs olsa da, İsrailin Livanı bombalamağa davam etməsi buna xidmət edir. 'Hizbullah'ın hədəf alınması ABŞ-İran planlarını istənilən an poza və Hörmüz boğazının açılmasına imkan verməyə bilər”.
Bəsti Rəfizadə
Sfera.az