İranın sülh üçün irəli sürdüyü tələblərdən biri də sanksiyaların yumşaldılmasıdır. Əgər ABŞ bununla razılaşarsa və sülh əldə olunarsa, İranın neft ixracı kəskin artacaq.




Bəs bu halda neft qiymətləri müharibədən əvvəlki səviyyədən də aşağı düşə bilərmi?




İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ ilə İran arasında mümkün sülh razılaşması çərçivəsində sanksiyaların yumşaldılması ehtimalı qlobal enerji bazarlarının əsas gündəm mövzusudur.




Onun fikrincə, belə bir ssenaridə İranın neft ixracının artması qaçılmazdır və bu, təbii olaraq bazarda təklifin genişlənməsinə səbəb olacaq:




“İran hazırda sanksiyalar səbəbindən öz potensialından aşağı səviyyədə ixrac həyata keçirir. Bundan da özünə uyğun şərtlərlə Çin və Hindistan faydalanır. Məhdudiyyətlərin aradan qalxması ilə ölkənin gündəlik neft ixracını qısa müddətdə əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hesab edirəm ki, bu, artıq balanssızlıq riski olan qlobal neft bazarında qiymətlərə aşağı yönlü təzyiq yaradacaq.

Lakin neft qiymətlərinin müharibədən əvvəlki səviyyədən də aşağı düşməsi bir neçə əlavə amildən asılı olacaq. Burada əsas faktorlar kimi OPEC+ ölkələrinin hasilat siyasəti, qlobal iqtisadi artım tempi, Çin və Hindistan kimi iri istehlakçıların tələbi, eləcə də geosiyasi risklərin səviyyəsi çıxış edir”.


 




A. İbrahimov əlavə edib ki, əgər OPEC+ hasilatı məhdudlaşdırmaqla bazarı tənzimləməyə çalışarsa, qiymətlərin kəskin ucuzlaşmasının qarşısı qismən alına bilər:




“Əgər qlobal iqtisadiyyatda zəifləmə müşahidə olunarsa və enerji tələbi azalarsa, İran neftinin bazara qayıdışı qiymətlərin daha da aşağı düşməsinə səbəb ola bilər. Bu halda neft qiymətlərinin müharibədən əvvəlki səviyyədən də aşağı enməsi real ssenariyə çevrilər. Ümumi prizmadan baxsaq, İranın bazara qayıdışı qiymətlərə azaldıcı təsir göstərsə də, bu prosesin miqyası və davamlılığı yalnız təklif artımı ilə deyil, paralel olaraq qlobal tələbin dinamikası və böyük istehsalçıların qərarları ilə müəyyən olunacaq”.




Fidan Hacızadə

Sfera.az