Dünyada həqiqətən heyrətamiz yerlər var. Norveçin Longyearbyen (Lonqirbyen) qəsəbəsi də onlardan biridir. Qəsəbə Şimal qütbünə yaxın yerləşməsi ilə diqqəti cəlb edir.
Sfera.az bildirir ki, təxminən 2500 nəfər əhalisi olan şəhərdə maraqlı qaydalar tətbiq olunur. Ən təəccüblüsü isə ölməyin və doğuşun qadağan edilməsidir.
Lonqirbyendə ölmək texniki cəhətdən qadağandır.
Belə ki, qəsəbədə dəfnlərə icazə verilmir. Bunun səbəbi, torpağın il boyu donmuş vəziyyətdə qalmasıdır. Əbədi buz kimi tanınan donmuş torpaq, basdırılmış cəsədlərin çürüməsinin qarşısını alır.
Vəziyyət ilk dəfə 1918-ci ildə İspan qripindən sonra müşahidə olunub. İllər sonra epidemiya zamanı ölənlərin cəsədləri müayinə edildikdə, virusun hələ də qorunub saxlanıldığı məlum olub. Hakimiyyət orqanları təhlükəli xəstəliklərin yenidən ortaya çıxması riskinin qarşısını almaq üçün qəbiristanlıqları bağlamaq qərarına gəlib. O vaxtdan bəri şəhərdə dəfn mərasimləri qadağan edilib.
Bu günlərdə Lonqirbyendə ölən insanlar tez bir zamanda Norveç mərkəzinə göndərilir. Dəfn mərasimləri orada başa çatdırılır. Eyni şey ağır xəstələrə də aiddir. Ağır vəziyyətdə olanlar əvvəlcədən paytaxta daşınır. Sərt iqlim və məhdud səhiyyə müəssisələri səbəbindən şəhərdə uzunmüddətli müalicə mümkün deyil.
Lonqirbyendə yalnız ölüm deyil, həm də doğuş qadağandır.
Hamiləliyin son həftələrində olan qadınlar Norveç mərkəzinə göndərilir, çünki şəhərdə tam təchiz olunmuş xəstəxana yoxdur. Təcili hallarda müdaxilə imkanı çox məhduddur.
Hakimiyyət orqanları risk götürməmək üçün doğuşların paytaxtda baş verməsini tələb edir. Bu, həm ananın, həm də körpənin təhlükəsizliyini təmin edir. Lonqyirbyendə yaşayan ailələr üçün bu proses adi hala çevrilib. Hamiləlik irəlilədikcə şəhəri tərk etmək adi bir şey hesab olunur.
Bütün qeyri-adi qaydalara baxmayaraq, Lonqyirbyendə həyat davam edir. Şəhərdə həmçinin dünyanın ən şimal pivə zavodu olan “Svalbard Bryggeri” yerləşir. 2015-ci ildə açılan pivə zavodu istehsalı üçün 2000 illik buzlaqların suyundan istifadə edir. Sərt iqlimə baxmayaraq, şəhər turizm üçün də cəlbedicidir.
Qütb ayıları, rəngarəng evlər, 24 saat gün işığı və qeyri-adi qaydalar... Lonqyirbyen dünyanın ən maraqlı yaşayış məntəqələrindən biri kimi seçilməyə davam edir. Bura insan həyatının təbiət tərəfindən necə formalaşdığını görmək istəyənlər üçün canlı bir laboratoriya kimidir.
Aynil
Sfera.az