Son dövrlərdə ABŞ və İran arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən diplomatik təşəbbüslər diqqət çəkir. Bu kontekstdə region ölkələrinin vasitəçilik rolu da getdikcə daha çox ön plana çıxır.




Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyan ilə telefon danışığında bildirib ki, Vaşinqton və Tehran arasında Pakistanda planlaşdırılan danışıqlardan tam istifadə edilməli və onların pozulmasına yol verilməməlidir.




Bəs görəsən, Pakistanın bu addımı onun regiondakı siyasi rolunun artmasına səbəb ola bilərmi? Pakistan niyə ABŞ və İran arasında vasitəçilik etməyə könüllü olub?




Siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlamasında bildirib ki, hazırda dünya ictimaiyyətinin diqqəti Birləşmiş Ştatlar və İran arasında Pakistanda baş tutacaq danışıqlara yönəlib.


 



Onun sözlərinə görə, hər iki tərəf hərbi əməliyyatların hərbi-siyasi nəticələrini nəzərə alaraq danışıqlara yollanır və danışıqlar masasında məhz öz şərtlərini maksimallaşdırmağa çalışır:




“Biz bunu təqdim olunan şərtlər fonunda aydın müşahidə edə bilirik. İndiki halda rəsmi İslamabadın vasitəçiliyi ilə planlaşdırılan danışıqlarda müəyyən müsbət impulslar mövcuddur. Təbii ki, qardaş Pakistanın burada oynadığı rol yüksək qiymətləndirilməlidir. Bu qədər mürəkkəb və həll olunması çətin bir prosesdə təşəbbüskarlıq etmək ilk növbədə İslamabadın regional mövqeyini və aktorluğunu artıracaq situasiyadır”.




Siyasi şərhçi vurğulayıb ki, Pakistanın vasitəçilik rolunun ardında bir çox səbəblər mövcuddur:




“İlk növbədə onu qeyd etmək lazımdır ki, Pakistanla İran sərhəd ölkələrdir və münaqişənin uzanması İslamabad üçün həm iqtisadi, həm siyasi, həm də təhlükəsizlik riskləri formalaşdırır. Bununla paralel rəsmi İslamabadın Körfəz ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı ilə olduqca sıx hərbi-siyasi əlaqələri var. Eskalasiyanın uzanması irəliləyən zamanda Pakistanı yeni çağırışlarla qarşı-qarşıya qoya bilər. Paralel olaraq da Hörmüz boğazında yaranmış qeyri-müəyyən dinamika bir tərəfdən Pakistan üçün əlavə iqtisadi risklər yaradır. Yəni sadaladığım faktorlar rəsmi İslamabadın vasitəçilik rolunu aydınlaşdıran əsas amillərdir”.


 


Niyaz Hacıyev

Sfera.az