Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin təzyiq və təhdidlərinə baxmayaraq, istefa verməyəcəyini bəyan edib. O, Vaşinqtonun Havanaya qarşı yürütdüyü siyasəti sərt tənqid edərək rəsmi Ağ Evə "rest" çəkib.




Sfera.az bildirir ki, bu barədə Kuba lideri Amerikanın "NBC News" telekanalında yayımlanan "Meet the Press" proqramına müsahibəsində danışıb.


 


Proqramın aparıcısı Dias-Kanelə "Kubanı xilas etmək naminə istefa verməyə hazırsınızmı?" sualını ünvanlayıb. Prezidentin cavabı isə kifayət qədər kəskin olub:




"Bu sual sizdəndir, yoxsa ABŞ Dövlət Departamentindən? Kubada liderləri ABŞ hökuməti seçmir. Biz azad və suveren dövlətik. Əgər xalqım mənim bu vəzifəyə uyğun olmadığımı düşünsə, o zaman cavab verərəm. Mən bu postda şəxsi ambisiyalarım üçün deyil, xalqın verdiyi səlahiyyətlə əyləşmişəm”.




Vaşinqtonun Havanaya qarşı "düşmənçilik siyasəti" yürütdüyünü vurğulayan Migel Dias-Kanel, ABŞ-nin Kubaya hücum etmək üçün heç bir bəhanəsinin olmadığını bildirib. O qeyd edib ki, Kuba heç vaxt ABŞ üçün təhlükə yaratmayıb və yaratmır.




Xatırladaq ki, iki ölkə arasında münasibətlər yanvarın sonunda Donald Trampın imzaladığı qərarla daha da gərginləşib. Belə ki, 30 yanvarda Tramp Kubaya neft satan və ya tədarük edən ölkələrdən gələn bütün mallara gömrük rüsumu tətbiq edilməsi barədə fərman imzalayıb. Ağ Evin iddiasına əsasən, bu addım Amerikanın milli təhlükəsizliyini qorumaq məqsədilə atılıb.




Qeyd edək ki, Kuba hökuməti ABŞ-nin "neft tədarükü ilə bağlı danışıqlar aparılır" iddiasını da qəti şəkildə təkzib edib.


 


Bəsti Rəfizadə

Sfera.az