NATO Hörmüz boğazında sərbəst naviqasiyanın təmin olunmasına dəstək verə bilər. Bu barədə Alyansın baş katibi Mark Rutte Vaşinqtonda Ronald Reyqan Fondu və İnstitutunda çıxışı zamanı bildirib.




Bəs NATO-nun Hörmüz boğazı məsələsində iştirak ehtimalı nə dərəcədə realdır? Mark Ruttenin bu açıqlaması Alyansın regionda daha aktiv rol almağa hazırlaşdığını göstərirmi? İran bu ehtimala necə reaksiya verə bilər?




Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, NATO-nun Hörmüz boğazı ilə bağlı mümkün iştirakı ilk növbədə qlobal enerji təhlükəsizliyi və dəniz ticarət yollarının qorunması kontekstində qiymətləndirilməlidir.


 


Onun sözlərinə görə, bu boğaz dünya neft daşımalarının mühüm hissəsinin keçdiyi strateji nöqtədir və burada sabitliyin pozulması beynəlxalq bazarlara birbaşa təsir göstərir:


 





“Alyansın baş katibi Mark Ruttenin açıqlaması onu göstərir ki, NATO ən azı siyasi və logistika baxımından regionda rolunu artırmaq variantlarını nəzərdən keçirir. Lakin bu, hələlik birbaşa hərbi iştirak qərarı kimi yox, daha çox “mövcud risklərə hazırlıq” mesajı kimi dəyərləndirilməlidir. NATO-nun belə bir addım atması üçün üzv dövlətlər arasında konsensusun formalaşması və beynəlxalq hüquqi əsasların müəyyənləşdirilməsi vacibdir”.




Politoloq qeyd edib ki, NATO-nun Hörmüz boğazında aktiv iştirak ehtimalı tam istisna olunmur:




“Xüsusilə də əgər bölgədə gərginlik artarsa və ticarət gəmilərinin təhlükəsizliyi real təhdid altına düşərsə, NATO aktiv iştirak edəcək. Bu halda Alyans ya birbaşa missiya, ya da mövcud koalisiyalara dəstək formatında iştirak edə bilər. İranın buna münasibəti isə böyük ehtimalla mənfi olacaq. Tehran belə bir addımı regiona kənar güclərin müdaxiləsi kimi qiymətləndirir və bunu öz milli təhlükəsizliyinə təhdid hesab edir. İran uzun illərdir ki, Hörmüz boğazının təhlükəsizliyinin region ölkələri tərəfindən təmin olunmalı olduğunu vurğulayır. NATO-nun iştirakı isə İran-Qərb münasibətlərində gərginliyi daha da artıra, hətta hərbi-siyasi riskləri yüksəldə bilər. Ümumilikdə, Mark Ruttenin açıqlaması NATO-nun regionda daha aktiv rol almağa hazırlaşdığını tam şəkildə təsdiqləmir, lakin Alyansın mümkün ssenarilərə hazırlaşdığını və geosiyasi prosesləri yaxından izlədiyini göstərir. Bu isə o deməkdir ki, Hörmüz boğazı yaxın gələcəkdə də qlobal güclərin diqqət mərkəzində qalacaq”.


 


Niyaz Hacıyev

Sfera.az