İranla müharibəyə etiraz edərək vəzifəsindən istefa verən ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kent maraqlı iddia ilə çıxış edib. O deyib ki, ABŞ-nin NATO-dan ayrılmaq istəyinin arxasında duran əsl səbəb, Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə Vaşinqtonun İsrailin tərəfində yer almaq niyyətidir. Onun sözlərinə görə, mümkün İsrail-Türkiyə qarşıdurması Suriya meydanında baş verə bilər.




Bu iddia nə dərəcədə realdır? Suriyada iki ölkənin toqquşma ehtimalı varmı?




Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, ABŞ administrasiyasından səsləndirilən bu mesaj mövcud olmayan, lakin gələcək üçün nəzərdə tutulan subyektiv bir planın sanki "demo" versiyasıdır:




“Siyasi praktikada tez-tez belə yanaşma tətbiq olunur: hadisəni reallaşdırmazdan əvvəl onun ilkin modeli informasiya məkanına buraxılır, ictimai və beynəlxalq reaksiyalar ölçülür. Əldə olunan reaksiyalara əsasən isə növbəti addımlar planlaşdırılır. Türkiyə ilə İsrail arasında hazırda ciddi hərbi qarşıdurmaya səbəb ola biləcək real faktorlar mövcud deyil. Türkiyə NATO üzvüdür və belə bir şəraitdə İsrailin təkbaşına Türkiyəyə qarşı açıq müharibəyə başlaması real görünmür. Bunun üçün ABŞ və ya Avropa İttifaqına daxil ölkələrin, məsələn, Fransa, İngiltərə və ya Almaniyanın açıq dəstəyi tələb olunar ki, bu da hazırkı geosiyasi reallıqlarda mümkünsüzdür. Bu səbəbdən İsrailin Türkiyəyə qarşı çıxması yaxın və ya orta perspektivdə real ssenari hesab edilmir. Bununla belə, Türkiyə-İsrail münasibətlərində müəyyən gərginlik elementləri mövcuddur. Xüsusilə İsrailin Aralıq dənizindəki hərəkət sərbəstliyi və Suriyadakı vəziyyətlə bağlı yaranan ziddiyyətli məqamlar müəyyən təsir gücünə malikdir. Amma bu faktorlar hələ ki, iki ölkə arasında açıq hərbi toqquşma üçün yetərli əsas yaratmır”.


 





E.Ənvəroğlu əlavə edib ki, hazırkı mərhələdə İsraillə Türkiyə arasında eskalasiya ehtimalı olduqca aşağıdır:




“İsrailin hərbi resurslarının böyük hissəsi artıq İranla qarşıdurmaya, Livanda "Hizbullah" kimi proksi qüvvələrlə mübarizəyə yönəlib. Bu vəziyyətdə İsrailin Türkiyəyə qarşı ayrıca genişmiqyaslı hərbi əməliyyat aparmaq imkanları məhduddur. Gələcəkdə isə situasiyanın necə inkişaf edəcəyini konkret demək çətindir. Məsələn, Suriyada tərəflərin hərbi kontingentlərinin birbaşa təmas xəttinə çıxması halında lokal miqyaslı insidentlər mümkündür. Lakin belə hadisələrin genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı yenə də çox aşağıdır. Tarixdə də buna bənzər nümunə mövcuddur. 2010-cu ildə (mətndə 2009 qeyd olunub, düzəliş edildi) baş verən və “Mavi Mərmərə” hadisəsi kimi tanınan insident zamanı İsrail hərbçiləri tərəfindən Türkiyə vətəndaşlarının öldürülməsi iki ölkə arasında ciddi gərginlik yaratmışdı, lakin bu, müharibəyə gətirib çıxarmadı. Bu tip lokal hadisələrin təkrarlanması istisna deyil, amma onların genişmiqyaslı qarşıdurmaya çevrilməsi real görünmür. Digər tərəfdən, Tramp administrasiyası daxilində müəyyən çatların yaranmağa başladığı müşahidə olunur. ABŞ-nin sabiq rəsmisi Cozef Kentin açıqlamaları da ölkə daxilində siyasətin düzgün istiqamətdə aparılmadığını göstərir. Bu, administrasiyanın bəzi qərarlarının ziddiyyətli və strateji baxımdan qeyri-dəqiq olduğunu ortaya qoyur. Mümkün ola biləcək eskalasiya üçün zəmin yaradılır. ABŞ bu gün belə bir qarşıdurmanı həyata keçirəcək vəziyyətdə olmasa da, administrasiya daxilindəki fikir ayrılıqları və boşluqlar gələcəkdə müəyyən risklərin ortaya çıxması deməkdir”.




Fidan Hacızadə

Sfera.az