"Xəzər Lənkəran" futbol klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov ölkədə fəaliyyət göstərən banklardan birinin fəaliyyəti ilə bağlı kəskin ittihamlar irəli sürüb.




Sfera.az xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edərək, "Yapı Kredi Bank Azərbaycan" tərəfindən ciddi problemlərə məruz qaldığını bildirib.




R. Bəşirov qeyd edib ki, bank onun bağlanmış borcunu illər sonra saxtakarlıq yolu ilə yenidən tələb edib:




""Yapı Kredi Bank" bir kredit kartı borcumu məndən fırıldaqçılıqla iki dəfə alan bankdır. Bir dəfə 6000 AZN ödəyib bağladığım borcu məndən 4 il sonra təkrarən alıblar və iddia ediblər ki, guya ödənilməyib. Sual verirəm: əgər ödənilməmişdisə, bu, 4 il sonra yadınıza düşür? Müştəri ödənişi 10 gün gecikdirəndə qapısına qədər gedirsiniz".




Keçmiş vitse-prezidentin sözlərinə görə, bankın bu "səhvi" onun ölkədən çıxışına da mane olub. O, ABŞ-yə səfər etmək istəyərkən xoşagəlməz sürprizlə qarşılaşdığını vurğulayıb:




"Üstəlik, Amerikaya gedərkən hava limanından geri qaytarılmışam. Bunların deyəsən ağlı başından qaçıb. Bu nə cürətdir ki, vətəndaşların məlumatlarının yoxlanışı üçün heç bir səbəb olmadan onlayn istək göndərirsiniz?"




Sonda Rəvan Bəşirov bankın nüfuzuna toxunaraq sərt xəbərdarlıq edib:




"Sizi “Baku Electronics”in böyrünə yazaram, 42 faizlə də depozit götürəniniz olmaz".


 


Bəsti Rəfizadə

Sfera.az