İranın "Tasnim" agentliyi mənbəyə istinadla məlumat yayıb ki, İran və ABŞ nümayəndələri arasında planlaşdırılan danışıqlar Livanda hücumlar dayandırılmayınca başlamayacaq. Bildirilib ki, İslamabadda keçirilməsi nəzərdə tutulan görüş ABŞ-nin Livanda atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməsinə qədər təxirə salınıb. Mənbə qeyd edib ki, İsrailin hücumları dayandırılmayınca danışıqlara başlanmayacaq.




Bu məsələdə münasibətlərin həlli Livana hücumun dayandırılmasından asılı olacaq?


 


Siyasi şərhçi Çingiz Şahbazi mövzu ilə bağlı Sfera.az-a açıqlamasında bu tip xəbərlərin adətən davam edən, lakin qeyri-müəyyən diplomatik proseslərə işarə etdiyini söyləyib.


 


Siyasi şərhçinin sözlərinə görə, hər iki tərəf eskalasiyanı nəzarətdə saxlayır və bu da onu göstərir ki, hələlik hər hansı bir razılaşma əldə olunmayıb:




“Ortada sadəcə niyyət mərhələsinin, birbaşa və dolayısı ilə təmasların mövcud olduğu durum var. Qarşılıqlı şərtlər çox ağırdır və İsrail faktoru mövcud durumu dəyişməyə imkan vermir. Əlbəttə, qeyri-rəsmi mənbələrin məlumatına görə, gizli danışıqlar prosesi davam edir və bu, müəyyən mövzularda — enerji infrastrukturu, Hörmüz boğazı və digər məsələlər barədə qeyri-rəsmi anlaşmalara kömək edir. Bu baxımdan, ABŞ və İranın danışıqlarının İsrailin Livana hücumları fonunda dayandırılması ilə bağlı İran tərəfinin verdiyi bəyanat, əlbəttə ki, təsadüfi deyil. İsrail Livanı "Hizbullah"a görə vurur və "Hizbullah" İranın ən güclü müttəfiqlərindən biridir. İsrail "Hizbullah"ı birbaşa təhlükə mənbəyi hesab edir və bu səbəbdən Livanı bombaladığını bildirir".


 





Ç.Şahbazi əlavə edib ki, dolayısı ilə Livanın bombalanması indiki mərhələdə İrana qarşı xüsusi mesaj kimi qəbul oluna bilər:




“İran isə bunu qırmızı xətt olaraq qəbul edir və bu baxımdan ABŞ ilə danışıqların belə bir vəziyyətdə davam etməyəcəyini bildirib. Çünki belə bir vəziyyətdə İran özünü zəif tərəf kimi görür və bunu qəbul etmir. Əlbəttə ki, prosesin dayandırılması və uzadılması İran üçün əlavə vaxt qazanmaq deməkdir. Bu isə tezliklə bu müharibəni bitirmək istəyən Trampa görə, konflikt uzandıqca onun siyasi baxımdan vəziyyətinin həm dünyada, həm də daxili auditoriyada zəifləməsi ilə nəticələnir. Belə olan halda, danışıqlar prosesinə Livan böhranının təsir göstərdiyini demək yanlış deyil. ABŞ İsrail-Livan münasibətlərini öz nəzarətinə almalıdır. Doğrudur, Livan proseslərə təsir edir, amma bu konfliktin həlli istiqamətində əsas maneə kimi göstərilə bilməz. Bu baxımdan, Livanda gərginlik davam etdiyi müddətdə danışıqlar dondurulmuş vəziyyətdə qalacaq. ABŞ İranla danışıqlar prosesini bərpa etməyə çalışacaq, İsrail isə danışıqlar prosesinə mane olmaq üçün hərbi təzyiqi davam etdirəcək. Nə sülh, nə müharibə vəziyyəti davam edəcək və arxa planda gizli bazarlıq və razılaşmalar daha da intensiv hal ala bilər”.




Fidan Hacızadə

Sfera.az