Yeniyetmə yaşlarında sosial izolyasiya sonradan alkoqola meyli gücləndirə bilər.


 


Sfera.az bildirir ki, bu nəticəyə işi "Addiction Neuroscience" jurnalında dərc olunan tədqiqatçılar gəliblər.


 


Eksperiment zamanı alimlər yeniyetmə dövründə ya tək saxlanılan, ya da qruplarda böyüdülən siçovulları araşdırıblar. Daha sonra heyvanlarda narahatlıq səviyyəsi, alkoqol istehlakı və beynin etanola reaksiyası qiymətləndirilib. Məlum olub ki, gənclikdə yaşanan sosial izolyasiya narahatlıqabənzər davranışı artırır və alkoqola üstünlük verilməsini gücləndirir. Bununla belə, tədqiqatçılar bu cür stressin “davamlı” (yəni acı maddə əlavə edildikdən sonra belə içməyə davam etmə) istehlaka meyli artırdığını aşkar etməyiblər. Bu isə göstərir ki, yeniyetməlikdə tək qalmaq alkoqola marağı artıra bilər, lakin ən ağır, kompulsiv asılılıq formasına gətirib çıxarmır.


 


Əlavə analiz göstərib ki, izolyasiya beynin dopamin sisteminin etanola reaksiyasını dəyişir. Söhbət həzz və xoşagəlməz siqnalların emalı ilə əlaqəli olan ventral pallidum adlı beyin sahəsindən gedir. Üstəlik, bu dəyişikliklər heyvanların cinsindən və keçirdikləri stressdən asılı olub.


 


Müəlliflər vurğulayırlar ki, tədqiqat heyvanlar üzərində aparılıb, buna görə də nəticələri birbaşa insanlara tətbiq etmək olmaz. Bununla belə, əldə olunan nəticələr yeniyetmə yaşlarında stress və təkliyin gələcəkdə problemli alkoqol istifadəsi riskini niyə artıra biləcəyini daha yaxşı anlamağa kömək edir.


 


İnci