Dünya mediasının diqqəti Pakistanın paytaxtı İslamabada yönəlib. 


 


Sfera.az “TASS”a istinadən xəbər verir ki, ABŞ Vitse-prezidenti Cey Di Vensin başçılıq etdiyi nümayəndə heyəti İran rəsmiləri ilə sülh danışıqları aparmaq üçün İslamabada gəlib.


 


Nümayəndə heyətinin tərkibində ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və tanınmış iş adamı Cared Kuşner də yer alır.


 


İran tərəfi danışıqlara parlament sədri Məhəmməd Baqer Qalibafın rəhbərliyi ilə yüksək səviyyəli heyətlə qatılıb.




İran tərəfi danışıqlar masasına kifayət qədər sərt şərtlərlə oturub. Parlament sədri Qalibaf bəyan edib ki, Vaşinqton Livanla bağlı atəşkəs və İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması ilə bağlı vədlərini yerinə yetirməyib.




Mənbələrin TASS agentliyinə verdiyi məlumata görə, İsrailin Livandakı hücumları dayandırılmadığı üçün görüşün son dərəcə gərgin keçəcəyi gözlənilir. İran dövlət televiziyası isə rəsmi Tehranın yalnız bütün ilkin şərtlərin qəbul ediləcəyi təqdirdə real müzakirələrə başlayacağını vurğulayıb.


 


Görüşün əsas mövzusunun Tehranın irəli sürdüyü 10 maddəlik təkliflər paketi olacağı gözlənilir.




Ekspertlər bu görüşü Yaxın Şərqdə yeni bir dövrün başlanğıcı və ya gərginliyin daha da dərinləşməsi nöqtəsi kimi qiymətləndirirlər.




Bəsti Rəfizadə

Sfera.az