Yaxın Şərqdəki gərginliyi azaltmaq məqsədilə keçiriləcək kritik görüş öncəsi ABŞ Tehranın ən mühüm şərtini qəbul edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın paytaxtı İslamabad şəhərində baş tutacaq ABŞ-İran danışıqları ərəfəsində rəsmi Vaşinqton ciddi mənada geri addım atıb.
ABŞ İranın beynəlxalq banklarda dondurulmuş vəsaitlərinin sərbəst buraxılmasına razılıq verib.
Məlumata görə, İran tərəfi danışıqların başlaması üçün iki əsas şərt irəli sürmüşdü:
Livan ərazisində dərhal atəşkəsin təmin olunması;
İranın xarici banklarda bloklanmış vəsaitlərinin blokdan çıxarılması.
İran heyətinin rəhbəri, Məclis sədri Məhəmməd Baqir Qalibaf Pakistan səfəri öncəsi bu şərtlərin yerinə yetirilməsinin vacibliyini xüsusi vurğulamışdı. İran mediası da bəyan etmişdi ki, yalnız bu tələblər yerinə yetirildiyi təqdirdə rəsmi Tehran masaya oturacaq.
ABŞ-nin qərarından dərhal sonra İran rəsmiləri məsələyə münasibət bildirib. Adı açıqlanmayan iranlı rəsmi şəxs bildirib:
“ABŞ İranın Qətər və digər xarici banklardakı dondurulmuş aktivlərinin sərbəst buraxılmasını rəsmən qəbul edib. Tehran administrasiyası olaraq biz bu addımı aşkar xoşməramlı jest və masadakı ciddiyyətin göstəricisi kimi qiymətləndiririk".
Qeyd edək ki, müxtəlif mənbələr İranın dondurulmuş aktivlərinin həcminin 100 milyard ilə 120 milyard dollar arasında dəyişdiyini hesablayır. Bu vəsaitlərin sərbəst buraxılması regiondakı siyasi və iqtisadi mənzərəni kökündən dəyişə bilər.
Bəsti Rəfizadə
Sfera.az