Ukrayna Prezidenti Volodimir Zelenski, Pasxa bayramı münasibətilə Rusiyanın elan etdiyi müvəqqəti atəşkəsin müharibənin dayandırılması və sülh prosesinin başladılması üçün mühüm addım ola biləcəyini bəyan edib.
Sfera.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin 3 ildən artıqdır davam edən müharibədə pravoslavların Pasxa bayramı ilə əlaqədar müvəqqəti atəşkəs qərarından sonra, Ukrayna lideri Volodimir Zelenski sosial media hesabında paylaşım edərək, prosesin sülhün başlanğıcı ola biləcəyini vurğulayıb.
Zelenski Ukraynanın atəşkəs rejiminə əməl edəcəyini, lakin Rusiyanın hərəkətlərini yaxından izləyəcəklərini vurğulayıb:
“Bu gün Rusiya ordusunun atəşkəs şərtlərini pozma ehtimalına qarşı verəcəyimiz cavabın parametrlərini müəyyənləşdirdik".
Cəbhədəki hər hansı bir ssenariyə hazır olduqlarını qeyd edən dövlət başçısı bildirib ki, Rusiya tərəfi havada, quruda və dənizdə hücumlarını dayandıracağı təqdirdə, Ukrayna da eyni şəkildə qarşılıq verəcək.
Rusiya tərəfinə daha əvvəl də dəfələrlə müxtəlif atəşkəs formatları təklif etdiklərini xatırladan Zelenski deyib:
“İnanırıq ki, Pasxa sülh və təhlükəsizlik zamanı olmalıdır. Bu atəşkəs real sülh hərəkatının başlanğıcı ola bilər və bizim tərəfimizdən buna uyğun təklif mövcuddur. İnsanların təhdidlərdən uzaq, sülhə doğru real irəliləyişin olduğu bir bayrama ehtiyacı var. Rusiyanın Pasxadan sonra hücumları bərpa etməmək şansı var".
Zelenski həmçinin əlavə edib ki, atəşkəs bayramdan sonra da davam edərsə, Ukrayna ordusunun atacağı qarşılıqlı addımlarla bağlı təfərrüatlar artıq Rusiya tərəfinə çatdırılıb.
Bəsti Rəfizadə
Sfera.az