Ən bahalı Amerika pilotsuz təyyarələrindən biri olan "MQ-4C Triton" Hörmüz boğazı üzərində kəşfiyyat uçuşu həyata keçirərkən yoxa çıxıb.


 


Sfera.az bu barədə "Forbes" jurnalına istinadən xəbər verir.


 


Məlumata görə, Hörmüz boğazında patrul xidməti həyata keçirən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus pilotsuz təyyarə İrana doğru istiqamət götürüb, sonra avtomatik olaraq "7700 kodu" siqnalı verib eniş etməyə başlayıb, bundan sonra siqnalı qəfildən radarlardan yoxa çıxıb.


 


Məqalədə deyilir ki, hadisə açıq mənbəli "FlightRadar" veb saytı tərəfindən izlənilib. Lakin dronun qəzaya uğradığı, İran raketi ilə vurulduğu və ya sonda bazaya qayıda bildiyi hələ rəsmi olaraq təsdiqlənməyib.


 


Qeyd edək ki, "MQ-4C Triton" dəniz və sahil ərazilərini izləmək üçün hazırlanmış Amerika kəşfiyyat dronudur. "Forbes" jurnalının məlumatına görə, 2024-cü il etibarilə belə bir dronun qiyməti 187 milyon dollar olub. Cihaz 24 saatdan çox havada qala və 18 min metrə qədər yüksəklikdə uça bilir. Dəniz səthini izləməyə və gəmiləri aşkar etməyə imkan verən radar sistemi ilə təchiz olunub.




Firuzə Əliyeva

Sfera.az