Son dövrlərdə geniş yayılan arıqlama iynələri ilə bağlı maraqlı və diqqətçəkən araşdırma nəticəsi açıqlanıb. Mütəxəssislər bildirirlər ki, bu preparatların təsiri yalnız fiziki dəyişikliklərlə məhdudlaşmır, eyni zamanda insanların şəxsi münasibətlərinə də təsir göstərə bilər.




Sfera.az xəbər verir ki, araşdırmalara əsasən, sürətli şəkildə çəki itirən şəxslər arasında boşanma halları daha yüksəkdir.


 


Qeyd olunur ki, arıqlama prosesi insanların özünəinamını artırır, sosial həyatını dəyişir və bu da bəzən mövcud münasibətlərə yenidən baxılmasına səbəb olur.




İsveçdə aparılan genişmiqyaslı tədqiqat çərçivəsində arıqlama iynələrindən istifadə edən 12 min 531 evli şəxs izlənilib. Nəticələr göstərib ki, bu şəxslərin 14,4 faizi preparatlardan istifadə etdikdən sonra altı il ərzində boşanıb. Bu göstərici, oxşar xüsusiyyətlərə malik, lakin arıqlama iynələrindən istifadə etməyən insanlarla müqayisədə daha yüksək hesab olunur.




Mütəxəssislər hesab edirlər ki, çəki azalması ilə birlikdə həyat tərzində baş verən dəyişikliklər – yeni sosial mühit, fərqli prioritetlər və artan özünə diqqət münasibətlərdə gərginlik yarada bilər. Bəzi hallarda tərəflər arasında əvvəlki balans pozulur və bu da ayrılığa gətirib çıxarır.




“The Spectator” nəşrində dərc olunan məlumata görə, araşdırmanın müəllifi, Göteborq universitetinin alimi Per-Arne Svensson bildirib ki, arıqlama iynələrinin populyarlığı artdıqca, gələcək illərdə boşanma göstəricilərində də artım müşahidə oluna bilər.




Bununla yanaşı, ekspertlər qeyd edirlər ki, bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsi kimi dəyərləndirilməməlidir. Yəni arıqlama iynələri təkbaşına boşanmalara səbəb olmur, lakin onların insanların həyatında yaratdığı dəyişikliklər münasibətlərə dolayısı ilə təsir edə bilər.


 


Mənsumə

Sfera.az