ABŞ 13 aprel tarixindən etibarən İrana qarşı dəniz blokadasına başlayacağını bəyan edib. Məlumata görə, ABŞ hərbi qüvvələri İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmiləri dayandıracaq.


 


Qeyd olunub ki, bu tədbirlər bütün ölkələrin gəmilərinə şamil ediləcək və İran limanları ilə bağlı bütün dəniz hərəkəti nəzarətə götürüləcək. Bu blokada enerji bazarına necə təsir göstərə bilər?


 


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən siyasi şərhçi Ülviyyə Zülfiqar bu addımın psixoloji faktor kimi bazarlarda qiymətlərin artımına səbəb ola biləcəyini söyləyib. Onun sözlərinə görə, neft treyderləri və investorlar riskləri qiymətləndirərək qiymətləri əvvəlcədən “şişirdə” bilər:



“Xüsusilə Hörmüz boğazı kimi kritik keçid üzərində gərginlik artarsa, qiymətlərdə kəskin sıçrayış qaçılmaz ola bilər. Əgər blokada tətbiq edilərsə və ya İran buna cavab olaraq qarşı addımlar atarsa, regionun ümumi enerji axını risk altına düşə bilər. Bu isə Avropa və Asiya bazarlarında enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artıracaq”.


 


Ü.Zülfiqar əlavə edib ki, İran böyük ehtimalla belə bir blokadaya reaksiya verəcək:


 


“Onun cavab variantları, o cümlədən regiondakı proksi qüvvələr vasitəsilə gərginliyi artırması və ya dəniz nəqliyyatına təzyiq göstərməsi bazarlarda qeyri-müəyyənliyi daha da artıra bilər. Bu isə ümumi enerji bazarında dalğalanmanı gücləndirəcək. Bu fonda alternativ enerji marşrutlarının və layihələrinin əhəmiyyəti arta bilər. Qərb bazarları risklərin diversifikasiyası üçün yeni mənbələrə yönələ və bu, uzunmüddətli perspektivdə enerji xəritəsində yeni balansların formalaşmasına gətirib çıxara bilər”.


 


Fidan Hacızadə


Sfera.az