ABŞ-nin Arizona ştatından olan senator Mark Kelli Prezident Donald Trampı Roma Papası XIV Lev barədə səsləndirdiyi fikirlərə görə sərt tənqid edib.
Sfera.az xəbər verir ki, senator bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Bir katolik olaraq hesab edirəm ki, ABŞ prezidentinin Müqəddəs Pyotrun varisinə qarşı açıq hücumu qəbuledilməzdir. Donald Tramp nəzarəti itirir... O, özünü müdafiə etmək üçün istənilən şəxsi hədəfə ala bilər, hətta milyonlarla amerikalının inanc və təsəlli tapdığı kilsəni belə”, – deyə o bildirib.
Senator əlavə edib ki, Amerika xalqı sözlərinin nəticəsini anlayan və öz hərəkətlərinə görə məsuliyyət daşıyan liderə layiqdir.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Roma Papası Leo XIV-ü İranı dəstəklədiyinə görə tənqid edib. O, pontifiki “xarici siyasətdə zəif” və “cinayətkarlıq qarşısında aciz” olmaqda ittiham edib. Tramp həmçinin onun seçilməsini öz fəaliyyəti ilə əlaqələndirib.
Fidan Hacızadə
Sfera.az