Bazar günü ABŞ Prezidenti Donald Tramp Amerikanın Hörmüz boğazını blokadaya alacağını açıqlayıb. Onun bildirdiyinə görə, heç bir gəmi nə boğazdan keçərək körfəzə daxil ola bilməyəcək, nə də əks istiqamətdə hərəkət edəcək.
Maraqlıdır, bu qərarın qlobal ticarətə hansı təsirləri ola bilər? Hazırda İran və bəzi ölkələr boğazdan istifadə edə bilir, lakin mümkün blokadadan sonra onların da bu imkandan məhrum qalması nə ilə nəticələnə bilər?
İqtisadçı ekspert Akif Nəsirli Sfera.az-a açıqlamasında bildirib ki, Donald Tramp tərəfindən Hörmüz boğazı ilə bağlı blokada açıqlaması dünya ticarəti üçün çox ciddi nəticələr yarada bilər.
Onun sözlərinə görə, bu boğaz qlobal enerji daşımalarının əsas keçid nöqtələrindən biridir:
“Əgər belə bir blokada tam şəkildə həyata keçsə, ilk zərbə neft və qaz tədarükünə dəyər. Bu marşrutdan keçən enerji axını kəskin azaldığı üçün dünya bazarında təklif daralar və qiymətlər sürətlə yüksələr. Bu isə yalnız enerji sektorunu yox, bütün istehsal və nəqliyyat zəncirini bahalaşdırar”.
Ekspert qeyd edib ki, ticarət baxımından yük gəmilərinin marşrutları dəyişər, daha uzun və daha baha alternativ yollar istifadə olunar:
“Bu da daşınma müddətini artıraraq məhsulların son qiymətinə əlavə xərc gətirər. Qlobal təchizat zəncirlərində gecikmələr və qeyri-sabitlik yarana bilər. Əgər İran və digər ölkələr də bu boğazdan istifadə edə bilməzsə, regionda iqtisadi təzyiq daha da güclənər və enerji ixrac edən ölkələrin gəlirləri ciddi şəkildə azalar. Eyni zamanda idxal edən ölkələrdə inflyasiya təzyiqi arta bilər. Ümumilikdə belə bir vəziyyət dünya ticarətini yavaşladan, qiymətləri yüksəldən və bazarlarda qeyri-müəyyənliyi artıran bir təsir yaradar”.
Niyaz Hacıyev
Sfera.az