Pakistanda ABŞ-İran danışıqlarının nəticəsiz qalması fonunda Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Dünya Sülh Şurasının yaradılmasını və iclasının Türkiyədə keçirilməsini təklif edib.
“BMT baş katibi Antonio Quterreşin çağırışı ilə ABŞ, Rusiya, Çin, Türkiyə və Avropa İttifaqının Dünya Sülh Şurası adlı yeni mexanizm yaratmasını təklif edirik. Türkiyə belə bir təşəbbüsə ev sahibliyi edə bilər”, - MHB lideri vurğulayıb.
Bu Şuranın yaradılması real görünürmü? Digər beynəlxalq təşkilatlardan fərqli olaraq bu Şura daha güclü təsirə malik ola bilərmi?
Siyasi şərhçi Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, əgər baş varən hadisələr əvvəlcədən hazırlanmış planın tərkib hissəsi deyilsə elə bir şuranın qurulması mümkündür:
“Necə ki, bir qədər əvvəl Donald Tramp oxşar bir birlik yaradır, hətta pul da toplayırdı. Lakin İranla bağlı bu hadisələr Qərbin, xüsusən ABŞ daxilində, Britaniyada yerləşən ideoloji, siyasi institutların layihəsi çərçivəsində həyata keçirilirsə artıq o deməkdir ki, Dövlət Baxçalının təklif etdiyi sülh şurası haqda o planlarda heç bir şey yoxdur. Əslində BMT-nin müvafiq şürası var, orada bu mövzuda danışıq aparıla bilər”.
T.İrfan qeyd edib ki, beynəlxalq təşkilatların artıq sayılmaz olduğu dövrdür. Ekspert ABŞ-İsrail-İran müharibəsinin pərdəarxası məqamlarına da toxunub:
“Sayılmaz beynəlxalq təşkilatların eyni üzvlərinin başqa adda demək olar ki, eyni tərkibdə başqa qurumlarda bir daha birləşməsi mahiyyəti dəyişə bilməz. Əgər başqaları, məsələn, Türkiyə, Pakistan kimi dövlətlərin daimi üzv kimi təmsil olunduğu təşkilatlarda nailiyyətlər əldə eymək olar. Lakin Avropa İttifaqının yaxud Türkiyənin iştirakı ilə sülh şurası yaradılması vacib və faydalı təklif olsa da əgər İsrail və onun ABŞ və Avropada təsirində olan, bəlkə də idarə etdiyi siyasi dairələr bu sülhə, bu formata əsla razı olmaz, yaxud imkan verməz. İranın özü də Türkiyənin belə bir təşkilatda nüfuz sahibi olmasını həzm etməz. Hətta müharibədən əvvəlki ABŞ-İran danışıqlarının İstanbulda keçirilməsini qəbul etməyib Omana üz tutan İran özü bu şuranı arzu etməz. Bu müharibə təbii, göründüyü kimi deyil. Burada əslində İsrailin hədəfi İran olsa da, ABŞ və İranın əsl hədəfi tam başqadır. Ona görə də müharibəni uzatmaq onlar üçün sərfəli görünür. Əslində bir-biri üzərində qələbədən daha çox başqaları üzərində qələbə çalmaq üçün aparılır bu müharibə. Ona görə savaşı razılaşıb özləri başladıqları kimi, sülhü də razılaşıb özləri imzalayacaq. Lakin hələ yox. Əsas ortaq hədəflərinə çatana qədər müharibə davam edəcək”.
Fidan Hacızadə
Sfera.az